Qəzza zolağında atəşkəsin bərpası məqsədilə Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə danışıqlar davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdəl Ati İordaniyanın paytaxtı Ammanda keçirilən mətbuat konfransında məlumat verib.
“Misir, Qətər və ABŞ olaraq Qəzzada qan tökülməsini dayandırmaq, girovların azad olunmasına və humanitar yardımın bölgəyə çatdırılmasına nail olmaq üçün səylərimizi davam etdiririk”, – deyə Əbdəl Ati bildirib. O, İsrailin Qəzzada həyata keçirdiyi “aclıq siyasətinin” insan haqlarını pozduğunu, bölgədə humanitar fəlakət yaşandığını vurğulayıb.
İordaniyanın xarici işlər naziri Əyman əs-Safədi isə çıxışında bildirib ki, İsrail hakimiyyəti Qəzzanı yaşamaq üçün yararsız məkana çevirmək üçün hər şeyi edir. O, beynəlxalq ictimaiyyəti İsrailin aqressiyasını dayandıra bilməməkdə tənqid edib, lakin mübarizənin davam edəcəyini deyib.
Qəzzada atəşkəsə dair növbəti təşəbbüslə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff çıxış edib. İsrailin “Ynet” portalının məlumatına görə, 29 may tarixində irəli sürülmüş təklifə əsasən, dərhal 60 günlük atəşkəsin elan olunması, eləcə də birinci həftə ərzində 10 girovun azad edilməsi nəzərdə tutulur. Həmin müddətdə HƏMAS həmçinin 18 öldürülmüş girovun cəsədini İsrail tərəfinə təhvil verməlidir. Qarşılığında isə İsrail əvvəlcədən razılaşdırılmış siyahı üzrə fələstinli məhbusları azad edəcək.
Sənəddə həmçinin BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə Qəzzaya humanitar yardımın bərpası məsələsi də yer alıb. ABŞ Ağ Evinin sözçüsü Karolin Livitt bildirib ki, İsrail bu planı HƏMAS-a təqdim olunmazdan əvvəl artıq təsdiqləyib.
Mayın 31-də HƏMAS vasitəçilərə cavab verib. Qrup 10 israilli girovun azad edilməsinə və 18 cəsədin təhvil verilməsinə hazır olduqlarını bildirib. Bunun müqabilində onlar razılaşdırılmış sayda fələstinli məhbusun azad olunmasını, daimi atəşkəsin elanını, İsrail qoşunlarının Qəzzadan çıxarılmasını və bölgəyə yardımın təmin edilməsini tələb edir.
Lakin ABŞ elçisi Uitkoff və İsrail hakimiyyəti bu cavabı faktiki imtina kimi dəyərləndiriblər.
Aysel Əliyeva
Globalinfo.az














