ABŞ-ın planı HƏMAS-ı qane etmədi

ABŞ-ın planı HƏMAS-ı qane etmədi
HƏMAS Qəzza zolağında atəşkəslə bağlı son təklifə dair məsləhətləşmələrin davam etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat hərəkatın rəsmi teleqram kanalında paylaşılıb. Bildirilir ki, HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun atəşkəslə bağlı planını digər fələstinli fraksiyalarla birlikdə müzakirə edir.

HƏMAS Siyasi Bürosunun üzvü Basim Naim açıqlama verərək bildirib ki, onlar İsrail tərəfinin də Uitkoff planına cavabını alıblar, lakin bu cavab Fələstin xalqının heç bir ədalətli və qanuni tələbinə cavab vermir.

Qeyd edək ki, bir neçə gün əvvəl “Ynet” portalı Uitkoffun planı haqqında məlumat yaymışdı. Sənədə əsasən, Qəzzada 60 günlük dərhal atəşkəs elan olunacaq, ilk həftə ərzində iki mərhələdə 10 sağ girov azad olunacaq, HƏMAS eyni müddətdə 18 nəfər ölmüş girovun cəsədini İsrailə təhvil verəcək. Əvəzində İsrail əvvəldən razılaşdırılmış siyahı əsasında fələstinli məhbusları azad edəcək, BMT və digər beynəlxalq təşkilatların vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılması bərpa olunacaq.

Ağ Evin mətbuat katibi Karolin Livitt bildirmişdi ki, İsrail Uitkoff planını HƏMAS-a təqdim edilməzdən əvvəl rəsmən təsdiqləyib.

Bununla belə, “BBC” daha öncə HƏMAS nümayəndəsinə istinadla məlumat yaymışdı ki, təşkilat bu təklifi rədd edəcək. Səbəb isə onun radikalların əsas tələblərinə uyğun gəlməməsidir.

Aysel Əliyeva
Globalinfo.az