Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə universitetin 3-cü kurs tələbələri – 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.
Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:
“Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik”.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
***13:45
Mayın 29-da saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “APA”nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
“Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”, məlumatda deyilir.
***
Xəzər Universitetində bıçaqlanan gəncin vəziyyəti açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanmış şəxs hazırda əməliyyat olunur.
“Vəziyyəti ağır deyil”, – deyə qeyd edilib.
***12:18
Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.
Globalinfo.az xəbər veriri ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”, – qurum rəsmisi deyib.
X X X
Xəzər Universitetində tələbələr arasında dava düşüb.
Globalinfo.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, tələbələrdən biri digərini bıçaqlayıb.
Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.
Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.
