Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Ukraynadakı münaqişənin siyasi yolla həlli təşəbbüslərini müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ukrayna böhranı ətrafında vəziyyətə dair fikir mübadiləsi aparılıb. Ukrayna münaqişəsinin siyasi həlli təşəbbüsləri müzakirə olunub”, – deyə bildirilib.
Telefon danışığı Fidanın cümə axşamı başlayacaq və iki gün davam edəcək Kiyev səfəri ərəfəsində baş tutub. Türkiyə XİN rəhbəri bu səfər zamanı Ukraynada sülhün bərqərar olunması məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, Hakan Fidan mayın 26-27-də Moskvanı işgüzar səfərlə ziyarət edib, burada Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunub. O, həmçinin prezidentin köməkçisi Vladimir Medinski və Sergey Lavrovla danışıqlar aparıb. Türkiyə XİN rəhbəri Ankaranın Ukrayna üzrə yeni danışıqlara ev sahibliyi etməyə və sülh prosesinə töhfə verməyə hazır olduğunu bildirib.
*** 21:02
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyə XİN-dəki mənbələrə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, söhbət zamanı Ukraynada müharibənin dayandırılması ilə bağlı son təşəbbüslər və mümkün həll yolları müzakirə olunub.
“Telefon danışığı zamanı Ukrayna müharibəsinin dayandırılması istiqamətində görülən son addımlar nəzərdən keçirilib”, – deyə mənbə qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az