Prezidentə təbriklər davam edir

Prezidentə təbriklər davam edir

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizin firavanlığı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.

Serbiya Respublikası Azərbaycan Respublikası ilə ilk gündən qarşılıqlı etimada, ehtirama və hörmətə, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl şəkildə riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətinizi yüksək qiymətləndirirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm və fəxr edirəm ki, bizi dostluq münasibətləri ilə yanaşı, strateji tərəfdaşlıq da birləşdirir. Əminəm ki, Strateji Tərəfdaşlıq Şurasının qarşıdan gələn Birinci Sessiyası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serbiya Respublikasının bütövlüyünü qorumaq, Kosovo və Metoxiya məsələsini sülh yolu ilə və diplomatik vasitələrlə həll etmək istiqamətində səylərini prinsipial və qəti şəkildə dəstəklədiyiniz üçün Azərbaycan Respublikasına və şəxsən Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Zati-aliləri, əmin olun ki, Serbiya Respublikası da öz növbəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəkdir.

Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram.

Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm”.

X X X

Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.

Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik, bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.

X X X

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 107-ci ildönümü münasibətilə Zati-alinizə, hörmətli ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu mühüm bayram Cümhuriyyətin yaradılmasının qeyd olunması ilə yanaşı, xalqın zəngin irsi və heyrətamiz tərəqqisi ilə də səciyyələnir.

Əminəm ki, Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikası sülh, firavanlıq və sürətli inkişaf yolunda irəliləməkdə davam edəcəkdir.

Qoy Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik dostluq münasibətləri və genişlənən əlaqələr bundan sonra da xalqlarımıza qarşılıqlı fayda gətirərək inkişaf etsin və möhkəmlənsin!”