Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Kanadanın yeni Baş naziri Mark Karni ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram hesabında məlumat yayıb.
O bildirib ki, görüş zamanı Karniyə İstanbulda aparılan danışıqlar barədə məlumat verib və beynəlxalq səylərin koordinasiyasının vacibliyini vurğulayıb. O, həmçinin Rusiyaya qarşı tətbiq olunacaq növbəti sanksiyaların daha sərt və təsirli olmasının vacibliyini qeyd edib.
“Yeni sanksiyalar Rusiya enerji sektorunu və onun kölgə donanmasını da əhatə etməlidir ki, Kreml sülhə doğru real addımlar atmağa məcbur olsun”, – deyə Zelenski bildirib.
Daha sonra Zelenski İsveçrə Prezidenti Karin Keller-Zutter ilə görüş keçirib.
Görüş zamanı tərəflər Ukraynada atəşkəsin təmin olunması, Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artırılması, minalardan təmizləmə işlərinin sürətləndirilməsi, məktəblərdə qidalanma layihələri və sığınacaqların təşkilinə dair məsələləri müzakirə ediblər.
Zelenski həmçinin İsveçrənin Ukraynanın bərpası prosesinə özəl sektor vasitəsilə qoşulmasını dəstəklədiyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
O, İstanbulda keçirilmiş danışıqlar barədə məlumat verib və ABŞ başda olmaqla bütün tərəfdaşların koordinasiyalı mövqe sərgiləməsinin vacibliyinə diqqət çəkib.
“Bizim məqsədimiz tam və qeyd-şərtsiz atəşkəsə nail olmaqdır. Bunun üçün beynəlxalq birliyin vahid və qətiyyətli dəstəyi zəruridir”, – deyə Zelenski bildirib.
Aysel Əliyeva
Globalinfo.az














