ferry is water front cityscape istanbul turkey scaled

Dünya ictimaiyyətinin diqqəti mayın 15-də İstanbulda Rusiya və Ukrayna liderləri arasında olacaq görüşə yönəlib. Lakin bəzi ziddiyyətli məqamlar belə bir görüşün baş tutması ilə bağlı suallar yaradır.

Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların aparılması üçün müvəqqəti atəşkəs lazım olduğunu desə də, Rusiya Prezidenti Vladimir Putin dərhal atəşkəs qərarının İstanbulda keçirilə biləcək danışıqların gedişatından asılı olaraq verilməsini təklif edib. Putin deyib ki, bu danışıqlarla onların məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və tarixi perspektiv çərçivəsində uzunmüddətli, daimi sülh yaratmaqdır. Bu görüşün qarşısını ala biləcək daha bir məqam isə ötən il Putinin Türkiyəyə səfər etməyi planlaşdırarkən təyyarəsini bir neçə rus qırıcısının müşayiət etmək istəməsindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imtina etməsi və səfərin baş tutmaması ilə bağlıdır.

Türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özər RİA Novosti agentliyinə açıqlamasında deyib ki, Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanma üzrə danışıqların bərpası prezidentlər deyil, nümayəndə heyətləri səviyyəsində baş tuta bilər: “Əsas problemlərdən biri Kiyevin hələ də sülh danışıqlarını qadağan edən qanunu ləğv etməməsidir. Ona görə də Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 15-də rusiyalı həmkarı Vladimir Putini İstanbula dəvət etməsi diplomatik manevr kimi qəbul edilir. Belə ki, diplomatik ənənə prezidentlərin və ya eyni rütbəli digər dövlət başçılarının istənilən danışıqların yekun mərhələsində, sənədlərin imzalanmasında iştirakını nəzərdə tutur. Hesab edirəm ki, nümayəndə heyətləri səviyyəsində danışıqlar sülh prosesi üçün faydalı ola bilər”.

Mövzu ilə bağlı Globalinfo.az Engin Özerdən açıqlama alıb. O bildirib ki, təyyarə ilə bağlı məsələ əslinə baxanda atəşkəs anlaşması olmadan gündəmdə idi və hazırda belə bir problem yoxdur.

engin

Engin Özer

E.Özer bildirib ki, beynəlxalq hüquqa görə Ukraynanın belə bir hücum gerçəkləşdirmək ehtimalı çox azdır, amma əsas problem bu deyil:

“Vladimir Putinin bu görüşdə iştirak etməsinə ehtiyac yoxdur. Görüşdə yüksək səviyyəli nümayəndə kimi Sergey Lavrov iştirak edə bilər. Mənim fikrimcə, atəşkəs anlaşmasını imzalayacaq tərəflər Putin və Zelenski olmayacaq. Yəqin ki, Ali Radanın sədri və Dövlət Dumasının sədri imzalayacaqlar. Çünki Rusiya tərəfində hələ də Zelenskinin vəzifəsinin qanuniliyi ilə bağlı bir sual işarəsi var. Ona görə Putinin iştirak edəcəyini zənn etmirəm. Hətta sülh sazişi imzalandığı zaman belə iştirak etmək ehtimalı zəifdir. Amma düşünürəm ki, bu görüşlər yəqin ki, cümə axşamı yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçiriləcək”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də rusiyalı həmkarı Vladimir Putini Türkiyədə şəxsən gözləyəcəyini deyib.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: