ilham

Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

X X X

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Federal Kansler,

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan ilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün birgə səylər göstərəcəyik.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır, dost xalqınıza daim firavanlıq diləyirəm”.

X X X

Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-müqəddəsləri.

Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm”.

Paylaş: