“Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda Rusiyanın göndərdiyi Ruben Vardanyanı prosesləri qızışdırmaqda ittiham etməsi İrəvanın Kremlin canişinini qəbul etmədiyini göstərir. Ermənistan parlamentinin spikeri də Laçın dəhlizində baş verənlərlə bağlı qeyd edib ki, ölkəsi bu məsələyə qarışa bilməz”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri bu mövqeyi ortaya qoyursa, prinsipcə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməlidir:
“Amma Paşinyan yekun sülh müqaviləsində Qarabağ məsələsini dolayı yolla sənədə salmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz və bu məsələ rəsmi Bakı üçün bitib.
Ermənistan müxalifəti “Madrid prinsipləri”ni və digər məsələləri qabardır. Qeyd edim ki, “Madrid prinsipləri” və müharibədən əvvəl Minsk Qrupunun irəli sürdüyü təkliflər tarixdə qaldı. Çünki “Madrid prinsipləri”ndə Qarabağın statusuna yalnız danışıqlar yolu ilə münaqişə həll ediləcəkdisə baxıla bilərdi. Sonradan referendum məsələsi də hüquqi müstəviyə görə danışıqlar prosesindən çıxarılmışdı”.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi və Rusiya yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir:
“Bu, mümkün deyil. Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilir.
Rusiya tərəfindən Qarabağa göndərilən R. Vardanyanın Xankəndidə qalması ermənilərin əleyhinə işləyir. Özü də bunun fərqindədir. Qarabağa müəyyən bir missiya ilə göndərilən R.Vardanyan nə Ermənistan, nə də Qarabağdakı erməni icması tərəfindən qəbul edilir.
Qarabağdakı erməni icmasına status tələb edilməsi və geri addım atılmamasının yaxın perspektivdə onlar üçün ciddi mənfi fəsadları olacaq”.
Turan Rzayev
Globalinfo.az