Üç türk ölkəsinin toqquşan maraqları: proses dalana dirənir

Üç türk ölkəsinin toqquşan maraqları: proses dalana dirənir

“Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “Transxəzər” layihəsinin reallaşmasının çətin olması ilə bağlı fikirləri də bir çox ölkələrə mesaj əhəmiyyəti daşıyır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, “Transxəzər” layihəsi ilə bağlı danışıqlarda nəticə yoxdur:

“Transxəzər” layihəsini kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyil.

İkincisi, bu layihə təsdiq olunsa belə, Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınması ilə bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləri ilə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.

Buna baxmayaraq, İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə, təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xətti ilə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir, əksinə bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisi ilə bağlı razılıq əldə edib”.

Politoloq “Türkmənistan qazının böyük həcminin Çinə nəql ediləcəyi halda “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı?” sualına aydınlıq gətirib:

“Belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. Çünki “Transxəzər” layihəsinin də adından göründüyü kimi Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Ankara “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsınlar” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq”.

Turan Rzayev
Globalinfo.az