İranın xarici işlər naziri Abbas Araqçı Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşmək və danışıqlar aparmaq üçün Moskvaya yollanıb.
Məlumata görə, səfərin məqsədi ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə çatdırmaqdır. XİN başçısı bunun üçün Kreml rəhbəri ilə görüşəcək və bir gün sonra Tehrana qayıdacaq. Xameneinin sözügedən məktubda dünyada, eləcə də regionda cərəyan edən son proseslər, həmçinin Tehran-Moskva münasibətlərinin inkişafından bəhs etdiyi bildirilir.
Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu deyib ki, hazırkı nüvə danışıqlarında çox görünməyən, amma əsas vasitəçi olan Rusiyadır:
“Moskva Tehran-Vaşinqton gərginliyinin yumşalması, nüvə məsələsi ilə bağlı ortaq bir razılaşmanın əldə edilməsində maraqlıdır.
Rusiya açıq görünməsə də, bununla bağlı fəal diplomatiya aparır. Yeri gəlmişkən, ötən həftə Oman danışıqlarından bir gün əvvəl ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Putinlə təkbətək görüşüb müzakirə apardı. Nəzərə almaq lazımdır ki, Rusiya və İran arasında hazırda bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələri var. Yəni məktubda başqa mövzuların da əks olunması ehtimalı yüksəkdir”.

Kənan Rövşənoğlu
Ekspertin sözlərinə görə, İran dini lideri ilə Rusiya prezidenti arasında yaxşı əlaqələr mövcuddur:
“Təxminən 20 ilə yaxındır ki, Putin hər dəfə Tehrana səfəri zamanı Ayətullah Əli Xamenei ilə görüşür və bəzən bir neçə saat müzakirələr aparırlar. Yaxın Şərqdə Rusiya-İran əməkdaşlığı, Şimal-Cənub nəqliyyat qovşağı, Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət, habelə, qarşılıqlı silah ticarəti kimi aktual mövzular var. Hansı ki, İran dini lideri bunlarla bağlı da məktub yaza və ya orada bu mövzulara da toxuna bilər”.
Turan Rzayev
Globalinfo.az