Bu ölkələrdə güclü zəlzələ oldu: evlər dağıldı, ölən var – YENİLƏNİB

Bu ölkələrdə güclü zəlzələ oldu: evlər dağıldı, ölən var - YENİLƏNİB

Tacikistanın Rəşt vilayətində zəlzələ nəticəsində üç yaşlı uşaq ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsində bildirilib.

***

Türkiyənin Van şəhərində 3,8 bal gücündə zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, gün ərzində ardıcıl olaraq baş verən yeraltı təkanlar Van və ətraf yerlərdə qeydə alınıb.

Xüsusilə bu, Koçköy, Ağrı, Bitlis, Hakkari, Siirt və Şırnak kimi vilayətlərdə hiss olunub.

Səhər saatlarında başlayan zəlzələlər gün ərzində fasilələrlə davam edib.

Hadisədən sonra bir çox vətəndaş sosial mediada öz narahatlığını bölüşüb.

Hər hansı insan və ya mal itkisi ilə bağlı rəsmi açıqlama verilməsə də, ekspertlər bölgədə aktivliyin izləndiyini bildiriblər.

Səlahiyyətlilər vurğulayıb ki, vətəndaşlar artçı təkanlara qarşı diqqətli olmalıdırlar.

***12:14

Tacikistanda zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub.

“Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib”, – deyə əlavə edilib.

Xatırladaq ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.

***10:09

Qazaxıstanda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

“Zəlzələ Qazaxıstanın cənubundakı yaşayış məntəqələrində 3 bal gücündə hiss edilib. Bir sıra digər yaşayış məntəqələrində həssaslıq 2 bal səviyyəsində olub. İnsan tələfatı və infrastruktura ziyan dəyməsi barədə məlumat daxil olmayıb”, – deyə bildirilib.

Həmçinin Tacikistanda – Almatıdan 673 km cənub-qərbdə də zəlzələ qeydə alıb. Bu, 6,1 bal gücündə olub.

Məlumata görə, yeraltı təkanların episentri Xucənd şəhərindən 171 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Əliyar Xəlil
Globalinfo.az