“UFC turnirinin Bakıda keçirilməsi Azərbaycanın regional liderlik mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır”.
Globalinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir Prezident İlham Əliyevin əvəzsiz dəstəyi və diqqəti, həmçinin onun uğurlu idman siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndiyini vurğulayıb. Onun sözlərinə görə, Bakı şəhəri artıq nəhəng beynəlxalq idman tədbirlərinin keçirildiyi aparıcı mərkəzə çevrilib.
Fərid Qayıbov əlavə edib ki, UFC ilə qurulan bu tərəfdaşlıq, həmçinin idmanın inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi önəm, Azərbaycanın qlobal idman mərkəzi kimi nüfuzunun daha da artmasına xidmət edəcək.
UFC prezidenti Dana Uayt isə Azərbaycanın və xüsusilə Bakı şəhərinin qlobal idman tədbirlərinin keçirilməsində mövcud olan güclü təcrübəyə diqqət çəkib:
“Bu regionda bir çox görkəmli döyüşçümüz var. Buna görə də Bakı növbəti inkişaf mərhələsi üçün ən uyğun seçim oldu. Mən iyunun 21-də keçiriləcək debüt turnirini təqdim etməkdən şadam”.
UFC-nin vitse-prezidenti və “UFC Eurasia”nın baş direktoru Andrey Qromovski son 6 ildə Avrasiya regionunda ilk dəfə UFC turnirinin keçirilməsi ilə bağlı məmnunluğunu ifadə edərək deyib:
“Bir neçə ildir üzərində çalışdığımız bu tərəfdaşlıq, regionda inkişaf strategiyamızın əsas elementidir”.
***
Qarışıq döyüş sənəti üzrə dünyada aparıcı olan UFC (Ultimate Fighting Championship) təşkilatı Azərbaycanda ilk dəfə turnir təşkil edəcək.
Globalinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yarış iyunun 21-də Bakıda keçiriləcək.
Gecənin əsas döyüşündə orta ağır çəkidə keçmiş UFC çempionu və reytinqin 4 nömrəlisi Camaal Hill və 7 nömrəli Kiçik Halil Rauntri üz-üzə gələcək.
Turnirdə həmçinin ən yüngül çəkinin 10 nömrəlisi, keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında məşq edən rusiyalı döyüşçü Tahir Ulanbekov ABŞ təmsilçisi Kyodzi Horiqutiyə qarşı döyüşəcək.
Superağır çəkidə rusiyalı Rizvan Kuniyev reytinqin 5-cisi, ABŞ-dan olan Kertis Bleydslə üz-üzə gələcək.
Yüngül çəkidə rusiyalı İrina Alekseyeva polşalı Klaudiya Sıqulı ilə, Darya Jeleznyakova ingiltərəli Melissa Mallinslə döyüşəcək.