Azərbaycanda banklarda, xüsusilə xarici valyutada depozit faizlərində artım müşahidə olunur. Belə ki, bəzi sistem əhəmiyyətli banklar ABŞ dollarında əmanət üzrə illik faiz dərəcəsini 4.5 faizə, 3 aylıq depozit faizlərini isə 3.0 faizə qədər yüksəldiblər.
Depozit faizlərinin artımı nə vəd edir? Hansı risklər ola bilər?
Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, vətəndaşlar banklarda milli valyutada əmanət saxlamağa çəkinirlər:
“Bunun səbəbi dolların nə vaxtsa bahalaşması ehtimalıdır. Banklar isə əmanətçilərini itirməmək üçün xarici valyutada depozit faizlərini artırırlar. Bir neçə il öncə, ümumiyyətlə, 1 faizlə qəbul edirdilər. Halbuki, qorunan əmanət faizi 2,5-dir. Amma bu da bəziləri üçün azdır. Bu baxımdan, banklar faiz dərəcələrini artırmağa başlayıblar ki, vətəndaşlar heç olmasa, əmanəti dollar və ya avro ilə qoya bilsinlər. Təbii ki, risk yaranır. Belə ki, bank bağlansa, müflis olsa, vətəndaşın əmanəti qorunmur”.
Əkrəm Həsənov
İqtisadçı belə məsələlərdə sistem əhəmiyyətli bankların vəziyyətdən sui-istifadə etdiyini bildirib:
“Bu da haqsız rəqabətə gətirib çıxarır. Çünki vətəndaş digər özəl banka əmanət qoymur, düşünür ki, bağlansa, pul batacaq. Amma sistem əhəmiyyətli banklara pullarını rahatlıqla əmanət edə bilirlər”.
Zaira Akifqızı
Globalinfo.az