qadin b

Bakıda gənc qızlara qarşı xuliqanlıq etmiş Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Mehran Səmədov həbs edilib.

Globalinfo.az xəbər verir ki, gənc barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Mehran 13 may 2022-ci il tarixdə paytaxtda dostları ilə yeyib-içib və sərxoş vəziyyətdə saat 00:10 radələrində yaşadığı Nizami rayonu, Şərifli küçəsi 25 saylı binaya gəlib. O, taksidən enərək binanın zirzəmisinə daxil olub və buradakı liftlə mənzilə qalxmaq istəyib. Bu zaman Mehran zirzəmidəki qarajda qonşularla iki qızın mübahisə etdiyini görüb. Belə ki, qonşulardan biri onun qarajının önündə park edilmiş “Hyundai Elantra” markalı avtomobilin təkərini boşaltdığından avtomobil sahibi olan Aytən adlı qız və Günay adlı rəfiqəsi etiraz edib.

Mehran mübahisəni görərək onlara yaxınlaşıb və qızların ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra onların arasında mübahisə yaranıb və qızlar polis çağıracaqlarını deyiblər. Sərxoş halda olan Mehran qızların ona irad bildirməsinə əsəbiləşərək onlara hücum edib. O, Aytən və Günayı yumruqla vuraraq onların saçından tutub və asfalt örtüyün üstünə yıxaraq sürüyüb. Nəticədə gənc qızlar müxtəlif dərəcəli xəsarətlər alıb və polisə xəbər veriblər.

Bundan sonra Mehran həbs edilib və barəsində cinayət işi açılıb. Cinayət işinin materiallarına Nizam rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.

Məhkəmədə qızlar Mehranı artıq bağışladıqlarını deyiblər. Nizami rayon Məhkəməsinin hökmü ilə Mehran Səmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Malik
Globalinfo.az

Paylaş: