Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi şəxsən öz adımdan və Qırğızıstan xalqı adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Novruz qədim zamanlardan birlik və barışıq, sülh və tərəqqi rəmzi olub.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın və dövlətlərimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”.
***
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Ramazan bayramı münasibətilə Sizi öz adımdan və Sudan xalqı adından təbrik etməkdən böyük məmnunluq duyur və ən xoş arzularımı çatdırıram. Uca Allahdan Sizə möhkəm cansağlığı və bol ruzi-bərəkət diləyirəm.
Arzu edirəm ki, bu bayram qardaş ölkələrimizə və bütün müsəlman xalqlarına rifah, sülh, əmin-amanlıq gətirsin.
Ramazan bayramınız mübarək!
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
X X X
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Müqəddəs Ramazan bayramı münasibətilə sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu bayram dünyada insanlar arasında birlik və həmrəylik ruhunun gücləndirilməsi üçün mühüm imkandır.
Sizə və yaxınlarınıza xoşbəxtlik və uğurlar arzulayıram”.
X X X
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı insanların qəlbini və düşüncəsini nurlandıran, onları birlik, mənəvi saflıq və əxlaqi dəyərlərə dəvət edən mübarək aydır. Bütün İslam aləmi, o cümlədən Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən bu müqəddəs bayram Türk Dövlətləri Təşkilatının əsas prinsiplərindən olan birlik, sülh və qardaşlıq dəyərlərini təşviq edir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə və dost, qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləyirəm”.
X X X
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.
Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.
Bayramınız mübarək!”














