Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası aprelin 1-də davam etdirilib.
Globalinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmənin bugünkü iclasında Ermənistanın dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.
İclasa sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs, Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun “N saylı” hərbi hissəsinin maddi-texniki təminat bölməsinin rəisi Söhbət Şükürov ifadə verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə baxmayraq, Ermənistan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təxribat zamanı minaatanlardan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.
Bundan başqa, ifadə verən Azərbaycan Müdafiə Nazirliyinin “N saylı” hərbi hissəsinin tibb bölməsinin feldşeri Samir Yusifov Ermənistan Silahlı Qüvvvələri tərəfindən Kəlbəcər rayonunda genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısı alınan zaman Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının meyitlərini atəş altından çıxarmaq istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.
Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseynbala Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər Abdullayev, Tofiq Abışov, Asif Mikayıllı, Qasım Qəribov, Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov, Ceyhun Rzaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd Əhmədzadə və digərləri təqsirləndirilən şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıdıqlarını, onunla şəxsi tanışlıqlarının olmadıqlarını bildiriblər.
Onlar hərbi xidmətdə olarkən Kəlbəcər və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən snayper tüfəngindən açılmış atəş, minaatanların mərmilərinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını bildiriblər.
Dindirmədən sonra zərərçəkmiş şəxslər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.
Ardınca məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 109-cu (təqib), 110-cu (insanları zorakılıqla yoxa çıxarma), 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1-ci, 116.0.2-ci, 116.0.10-cu, 116.0.11-ci, 116.0.16-cı, 116.0.18-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.11-ci, 120.2.12-ci (qəsdən adam öldürmə), 29,120.2.1-ci, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.11-ci, 29,120.2.12-ci (qəsdən adam öldürməyə cəhd), 192.3.1-ci (qanunsuz sahibkarlıq), 214.2.1-ci, 214.2.3-cü, 214.2.4-cü (terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.1-ci, 218.2-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2-ci, 270-1.4-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1-ci, 279.2-ci, 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
***11:41
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Qeyd edək ki, ötən prosesdə iş üzrə 10-dan çox zərərçəkmiş şəxs ifadə verib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
***09:01
Bu gün Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edəcək.
Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, cinayət işinə Bakı Məhkəmə Kompleksinin inzibati binasında baxılır.
Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir.
Hakimlər heyətinə Anar Rzayev və Camal Ramazanov da daxildir.
Prosesin bu gün saat 10:00-da başlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.
Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.