“1997-ci ildə imzalanan müqaviləyə görə, rus qoşunları Ermənistanda 50 il müddətində qala bilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Samir Hümbətov Milli Demokratik Qütb blokunun 8 yanvar tarixində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında imzalanan müqaviləyə əsasən rus qoşunları Ermənistanda 50 il müddətində qala bilsə də, baş verəcək hər hansı bir fors-major hal qarşısında bu müqavilə keçərsiz sayılır:
“Məsələ ondadır ki, Ermənistan rəhbərliyinin müraciəti əsasında rus qoşunları ölkəni tərk edə bilər. Lakin bu heç də asan bir proses deyil. Belə ki, hazırda Ermənistan cəmiyyəti ciddi ölçüdə qütbləşib. Söhbət ölkədə Qərb və Rusiya meylli şəxslərin olmasından gedir. Qərb meyilli ermənilər rus qoşunlarının ölkəni tərk etməsini istəyirsə, Rusiya meyilli ermənilər bunun qəti əleyhinədir.
Digər tərəfdən, rus qoşunları hazırda faktiki olaraq Türkiyə və İran sərhədini qoruyur. Ermənistanın rus hərbçilərini əvəzləyəcək yetərincə qoşunu və imkanları yoxdur. Buna görə də rus qoşunlarının Ermənistanı tərk etməsi elə də asan bir məsələ deyil”.
Politoloqun sözlərinə görə, Rusiya hərbçiləri Ermənistanı tərk etməli olsa, bu, rəsmi İrəvana baha başa gələcək:
“Qərb meyilli ermənilər Rusiya hərbçilərinin ölkəni tərk etməsi halında onları Qərbin, ya da ABŞ hərbçilərinin əvəzləyəcəyini düşünür. Lakin bu heç də belə deyil. Məsələ ondadır ki, Rusiya hərbçiləri Ermənistandan çıxarsa, elə bir hadisə baş verər ki, rəsmi İrəvan özü hərbçilərin geri qayıtması üçün Moskvaya yalvarar.
Nəzərə almaq lazımdır ki, Ermənistan ilə Azərbaycan arasında hələ yekun sülh müqaviləsi imzalanmayıb. İrəvanın atacağı ən kiçik səhv addım rəsmi Bakının sərt cavabı ilə nəticələnə bilər. Bundan başqa Ermənistan daxilində Rusiyaya sadiq qüvvələr kifayət qədər çoxdur. Kreml Ermənistan daxili siyasətini çox rahatlıqla qarışdıra bilər”.
Turan Rzayev
Globalinfo.az














