İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla danışıqların aparılmasından imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bundan əvvəl Donald Tramp İranı birbaşa danışıqlara çağırıb, lakin bu çağırış istehza kimi qiymətləndirilib.
“Məni hədələyəndə sizinlə danışıqlar aparmaq istəmirəm. Bacardığınız hər şeyi edin”, – Pezeşkian deyib.
İran prezidenti amerikalı həmkarının Tehrana qarşı təhdidlərinin təkrarlanmasına işarə edib.
O, həmçinin Oval kabinetdə Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən son mübahisədən də danışıb.
“Bu yaxınlarda Zelenskiyə etdiklərinizdən utanmalısınız”, – Pezeşkian əlavə edib.
Qeyd edək ki, bundan əvvəl İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın Tehranla danışıqlara çağırışını vicdansızlıq və mənasız adlandırıb. Onun sözlərinə görə, bu cür çağırışlar problemləri həll etmək yox, başqalarına ağalıq etmək məqsədi daşıyır.
Xatırladaq ki, İran hakimiyyətinin ölkənin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlara açıq olduğunu bəyan etdiyinə dair məlumat yayılıb.
Zaira Akifqızı
Globalinfo.az