Zelenskidən Ukrayna-ABŞ görüşünə dair açıqlama: Biz hazırıq!

Zelenskidən Ukrayna-ABŞ görüşünə dair açıqlama: Biz hazırıq!
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında keçirilən görüşün yekununa dair açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur:

“Səudiyyə Ərəbistanında ABŞ komandası ilə görüş keçirən nümayəndə heyətimizdən hesabat aldım. Günün əksər hissəsi danışıqlar davam edib və bu danışıqlar müsbət yöndə olub. Komandalarımız bir sıra detalları müzakirə edə bilib. Bizim mövqeyimiz dəqiqdir: Ukrayna hələ müharibənin ilk snaniyəsindən sülhə can atıb və biz sülhün tez və möhkəm olması üçün, daha müharibənin baş verməməsi üçün hər şeyə hazırıq.

Bizim bu görüşdə ABŞ tərəfinə üç təklifimiz var idi: havada səssizlik – raket, bomba və uzaqmənzilli dronlar olmasın; dənizdə səssizlik və diplomatiyanın davam etdiyi bütün bu vəziyyətə inam yaratmaq üçün real tədbirlər, yəni ilk növbədə məhbusların azad edilməsi.

ABŞ tərəfi bizim arqumentləri və təkliflərimizi qəbul edir. Mən komandalarımızın danışıqları konstruktiv yöndə davam etdiyi üçün Prezident Trampa təşəkkürümü bildirirəm.

Bu gün məhz ABŞ tərəfindən ilk addımın atılması və 30 gün ərzində döyüşlərin tamamilə dayandırılmasına nail olmaq təklif edildi. Nəinki Qara dənizdə raketlər, dronlar, bombaların dayandırılması, eləcə də bütün cəbhə xətti boyunca. Ukrayna bu təklifi qəbul edir, bunu müsbət hesab edir və biz bu addımı atmağa hazırıq. Birləşmiş Ştatlar Rusiyanı da bununla razılaşmağa məcbur etməlidir. Yəni biz razılaşırıq, Rusiya da razılaşarsa, səssizlik işə başlayar.

Danışıqların mühüm elementi ABŞ-ın Ukraynaya hərbi yardımları və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə hazır olması idi.
Razılıqlar qüvvəyə minəndə bu 30 gün atəşkəs ərzində biz dayanıqlı sülh və təhlükəsizliyin daha uzun müddət təminatı ilə bağlı müttəfiqlərlə hazırlıqlara başlaya bilərik. Ukrayna sülhə hazırdır. Müharibəni dayandırmaq və ya davam etdirməklə bağlı mövqeyini Rusiya da göstərməlidir. Artıq bütün həqiqətləri açmaq zamanıdır.

Bu gün Səudiyyə Ərəbistanında olan bütün diplomatlarımıza və komandamıza çox təşəkkür edirəm. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm. Bizim dövlətimiz və xalqımız üçün çalışan hər kəsə təşəkkür edirəm. Biz müstəqilliyimizi mütləq qoruyacağıq. Ukraynaya heç nəyə baxmayaraq ayaqda durmağa və inkişaf etməyə kömək edən hər kəsə mütləq təşəkkür edəcəyik. Layiqli sülh olmalıdır”.

Aysel Əliyeva
Globalinfo.az