rusiya ukrayna

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, qarşıdakı aylarda Rusiya- Ukrayna arasındakı savaş daha da şiddətlənəcək. Onun sözlərinə görə, bu, daha çox ölüm və uzunmüddətli böhran deməkdir: “Atəşkəsdən əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə Türkiyə dialoqun təmin olunması üçün səylərini davam etdirir”.

Maraqlıdır, bu ehtimal nə dərəcədə doğrudur: Rusiya-Ukrayna müharibəsi şiddətlənə, hətta nüvə müharibəsi riski doğura bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş vermişdi:

“Xüsusilə Qərb ekspertlərinin fikrincə, bu, Moskvanın blefidir və heç də xoş niyyətli deyil. Ukrayna isə Rusiyaya cavab olaraq bildirmişdi ki, danışıqlardan söhbət gedə bilməz. Bu, rəsmi Kiyevin qətiyyətindən xəbər verir.

kenan novruzov

Kənan Novruzov

Əlbəttə, atəşkəs müvəqqətidir. Sadəcə olaraq Rusiya beynəlxalq ictimai rəydə guya sülh istədiyinə dair rəy yaratmaq və Ukraynanı ittiham etmək istəyir. İkincisi isə ola bilsin, Rusiya Qərb analitiklərinin iddia etdiyi kimi silahlanmaq və qruplaşmaq üçün əməliyyata fasilə verib.

Proseslər Ukrayna kəşfiyyatının Rusiyanın silah tədarükünün tükəndiyinə dair iddialarının gerçək olduğunu göstərir. Əslində bu, heç də utopiya deyil. Məsələ ondadır ki, kütləvi raket hücumları Rusiyanın silah arsenalını sürətli zəiflədir. Ukraynadan fərqli olaraq isə Rusiyaya hərbi yardım göstərən dövlət, demək olar, yoxdur. Əlbəttə, İranın verdiyi “Şahed” PUA-ları da həlledici deyil. Artıq Ukraynanın silah arsenalında olan “Patriot”lar, “HİMARS”lar daha effektivdir.

Rusiyanın silah tədarükünün azalması və Ukraynaya hərbi dəstəyin artması fonunda Moskva getdikcə dalana dirənir. Bu isə Rusiyanın nüvə silahından istifadə ehtimalını getdikcə artırır”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, Qərbin son addımları birbaşa olaraq Rusiyanı təhrikə, bu dövləti nüvə silahından istifadəyə sövq etməyə hesablanıb:

“Məqsəd isə adekvat cavabdır. ABŞ və müttəfiqləri bunu istəməsə idi, Moskvanın damarına bu qədər basmazdılar”.

İbrahim Kalının dediyi kimi, yaxın aylarda müharibənin daha da şiddətlənməsi mümkündür. Bu il üçüncü dünya müharibəsinin rəsmi olaraq elan olunması istisna olunmur.

Türkiyənin vasitəçilik təşəbbüslərinin də bundan sonra davam edəcəyi istisnasızdır. Çünki həm Moskva, həm də Kiyevlə münasibətlər Ankara üçün vacibdir. Həmçinin perspektivdə müharibəyə son qoyulması Türkiyə Prezidenti Ərdoğanın və hakim AK Partiyanın iqtidarının nüfuzunu daha da artıracaq. Amma etiraf etmək lazımdır ki, Ankaranın işi hər ötən gün daha da çətinləşir. Savaşın nəinki Türkiyənin vasitəçiliyi nəticəsində bitməsi, ümumiyyətlə, müharibəyə son qoyulması ehtimalı getdikcə azalır. Necə deyərlər, artıq ox yaydan çıxıb”.

Turan Rzayev
Globaolinfo.az

Paylaş: