Fevral ayının 28-də Ağ Evin Oval sarayında baş verənlər diplomatiya tarixində görünməmiş hadisə idi. Bu sadəcə ABŞ- Ukrayna danışıqlarının fiaskoya uğraması yox, həm də dialoq vasitəsi üçün düşünülmüş diplomatiyanın özünün, təhqir edilməsi idi.
Əlbəttə, dostun, ya da müttəfiqin bir gecədə düşmənə çevrilməsi müharibələr tarixində görünməmiş hadisə deyil. Məsələn 1402-ci ildə Çubuqlu döyüşündə Orta Asiyadan Anadoluya köç etmiş türkmən bəylərinin bir gecədə İldırım Bayazidi tərk edərək Əmir Teymur Sahibqıranın tərəfinə keçmələri Osmanlının məğlubiyyətinə gətirib çıxarmışdı. Eyni şəkildə 451-ci ildə Atilla Tanrıkutun müttəfiqləri həm də soydaşları olan qotlar və alanların bir gecədə Roma savaşçılarının tərəfinə keçməsi hunları zəiflətsə də onların qələbəsinə mane ola bilməmişdi. Qotlar və alanlar isə indiki Kataloniyada (kot və alaniya ) məskunlaşaraq assimliyasiyaya məruz qalmışdılar. Bənzər bir hərəkəti Gürcü çarı Davidin Dəşti-qıpçaqdan gətirdiyi qıpçaq döyüşçüləri Şirvanşahlarla savaşda şirvanlıların türk olduğunu başa düşən kimi səflərini dəyişərək soydaşlarının tərəfinə keçməklə gürcülərin məğlubiyyətinə səbəb olmaqla etmişdilər.
Ancaq bunların heç biri amerikalıların bir gecədə səf dəyişdirmələrinə bənzəməz .Çünki elə həmin Amerika Rusiya- Ukrayna savaşının ideoloqu və strateji memarı ola-ola bir gecədə, yəni 20 yanvar 2025-ci ildə Trampın hakimiyyət estafetini qəbul etməsi ilə səf dəyişdirmişdi. Belə davranışın hərbi-siyasi tarixdə analoqu yoxdur. Ancaq bu heç də belə düşünməyə əsas verməməlidir ki, Ukraynanın da başqa çıxış yolu yoxdur. Məncə, tam əksinə, bu hadisə Rusiya-Ukrayna müharibəsini bitirmək üçün daha optimal və səmərəli variantlar tapmaq üçün yeni bir başlanğıc yaratdı. Ancaq gərək bu dəfə həm ukraynalılar, həm də ruslar müdrik və tarixi qərar qəbul etmək üçün özlərində güc tapa bilsinlər. Bu bir halda mümkündür ki, Ukrayna nicat yolunu Qərbdə axtarmasın. Çünki göründüyü kimi nə Qərb, nə də Avroatlantika ümid qapısı deyil. Ümid qapısı qardaş Türkiyənin ev sahibliyi ilə Rusiya-Ukrayna arasında ikitərəfli, vasitəçisiz danışıqlardır! Hər iki tərəf bu istiqamətdə qəti və təcili addımlar atsalar qısa müddətdə ən optimal nəticə əldə edə bilərlər. Unutmaq olmaz ki, Azərbaycan-Ermənistan müharibəsinin də başa çatması vasitəçisiz danışıqlar sayəsində mümkün oldu.
Bu günlərdə bir Ukrayna siyasətçisi bildirib ki, müharibəni qələbə ilə başa çatdırmaq üçün İlham Əliyev olmaq lazımdır. Məncə elə İlham Əliyev təcrübəsindən istifadə etməklə də müharibəni başa çatdırmaq olar.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı