1638885894 1589352720 manathesabunvan

Azərbaycanda minimum əməkhaqqı 345 manat müəyyən edilib. Bu qərarın inflyasiyanı artıra biləcəyi ehtimal edilir. Həmçinin, VÖEN-lə çalışanların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri də artıb. İqtisadçılar hesab edirlər ki, DSMF-yə ödənişlə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir.

İqtisadçı-ekspert Pərviz Heydərov Globalinfo.az-a bildirib ki, 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətə (əməyin ödəniş fonduna, ərzaq məhsullarının alışına, təqaüd və sosial müavinətlərə, dərman, sarğı ləvazimatları və materiallarının alınmasına, icbari tibbi sığorta və koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərə) 15 milyard 218 milyon 900 min manat ayırmaq nəzərdə tutulub və bu da keçən ildəki ilə müqayisədə 1 milyard 289 milyon 200 min manat (9,3%) çoxdur:

“Ümumiyyətlə, 2023-cü ildə müavinətlərin, pensiyaların artırılması üçün 2 milyard 598 milyon manat xərclənməsi planlaşdırılıb ki, bu il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı məbləği 898 manat təşkil etməlidir.

Bütün bunların inflyasiya və bahalaşmaya əlavə təkan yaradacağı istisnadır. Ən azı ona görə ki, 2019-cu ildəki təcrübə sosial artımların bunda az rol oynadığı və ya heç oynamadığını sübut etdi. Həmin ildə iki sosial paket həyata keçirilmişdi”.

Bununla yanaşı, ekspert qeyd edib ki, əlbəttə, ölkədə antiinflyasiya tədbirləri gücləndirilməsə və genişləndirilməsə, əks tendensiya müşahidə edəcəyik:

“Ona görə ki, bu proses həm də sırf ölkəmizlə əlaqədar deyil, söhbət qlobal trenddən, ümumi tendensiyadan gedir. Güman edirəm ki, hazırkı artımlar ilin birinci yarısı üçün əhalinin sosial müdafiəsinin təşkilində yararlı ola biləcək. Ancaq bahalaşma prosesi dayanmasa, belə bir addımın atılmasına il ərzində də yenə zərurət yarana bilər.

O ki qaldı VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinə, bunun bir ortaq nöqtəsi və yaxud çıxış nöqtəsi tapılmalıdır, təbii ki… DSMF-yə ödənişlər zəruridir. Amma eyni zamanda bu sahədə minimum əməkhaqqı göstəricisi ilə münasibət tərəflərin maraqlarına zərər gətirməməlidir”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: