Türkiyənin İstanbul şəhərində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən Sabiha Gökçen Beynəlxalq Hava Limanında bəzi uçuşlar ləğv edilib.
Globalinfo.az xəbər verir ki, Sabiha Gökçen Beynəlxalq Hava Limanı açıqlama yayıb.
Bildirilib ki, hava limanından cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədəri güclü çovğundan dolayı ləğv ediləcək:
“Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i reyslər ləğv ediləcək. Bütün sərnişinlərə uçuşlar ilə bağlı hava limanları və aviaşirkətin veb-saytlarını izləmələri tövsiyə olunur”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin düşəcəyini bildirmişdilər.