meyit 1

Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.

Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.

Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.

Kamran Allahverdiyevin xalası əməkdaşımızla söhbətində Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.

***19:35

Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfər şəxsin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***Fövqəladə Hallar Nazirliyi Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı məlumat yayıb.

FHN-dən verilən xəbərə görə, bu gün səhər saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***12:25

Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.

Paylaş: