
Ermənistanın Baş naziri Nikol Paşinyan Münxenə mühazirəyə qulaq asmağa gedib.
Globalinfo.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya müsahibəsində Ermənistanın xarici işlər nazirinin sabiq müavini Avet Adons deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərkən Ermənistan nümayəndə heyəti zalda sadəcə fiziki olaraq iştirak edib, heç bir prosesə qoşulmayıb.
“Müzakirələr zamanı Nikol Paşinyan başda olmaqla, Ermənistanın nümayəndə heyəti də zalda idi. Mən demirəm ki, görüş üçtərəfli olmalıydı, lakin normal şərtlərdə Ermənistanla da görüş keçirilməli idi. Onlar mühazirəyə gediblər. Doğrudur, bilmirəm, hər şeyi konspektləşdirməyə imkan tapıblar, ya yox. Bu səfərin hər hansı bir faydası olduğunu düşünmürəm. Ermənistan nümayəndə heyətinin heç bir çıxışı barədə eşitmədim. Adətən ölkə başçıları bu kimi konfranslarda iştirak etmir, lakin iştirak etmək barədə qərar alıbsa belə, heç olmasa hər hansı bir nitqlə çıxış etməli, ya da rəsmi bir tədbirdə görünməli idi”, – sabiq dövlət xadimi bildirib.
Adons hesab edir ki, bu, Ermənistanın nəinki parlament diplomatiyasına sahib olmadığını, heç ibtidai məktəb biliklərinə də yiyələnmədiyinin göstəricisidir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 14-16-da Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olub.
Aysel Əliyeva
Globalinfo.az














