WhatsApp Image 2025 02 17 at 12.11.43

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığında “qarşılıqlı ticarət, iqtisadi və investisiya əməkdaşlığına birtərəfli maneələrin aradan qaldırılması üçün ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün ünsiyyəti davam etdirmək” barədə razılığa gəliblər. Diqqətçəkən məqam ticarət və iqtisadi əlaqələrin bərpasıdır. Artıq bir neçə qlobal marka Rusiyaya qayıtmaq qərarı verib.

ABŞ və müttəfiqlərinin Rusiyaya 3 ildir qoyduğu sanksiyalar aradan qaldırılır?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Rubio-Lavrov telefon danışığı Ukraynadakı müharibə ilə əlaqədar gələcək danışıqlarda kommunikasiya kanalının açıq qalacağının göstəricisidir:

“Rubio və Lavrovun zəngi danışıqlarda əsaslı işin başlandığını və diplomatiyanın normallaşması ilə iki dövlətin yenidən müntəzəm əlaqə saxladığının əlamətidir.

Xarici siyasət idarələrinin rəhbərlərinin telefon diplomatiyası texniki olaraq Vladimir Putinlə Donald Trampın danışıqlarının və liderlərin sammitinə hazırlığın məntiqi davamıdır.

Rəsmi açıqlamanın oxunuşu belə bir mənzərə yaradır ki, Rusiya ilə ABŞ bir-birilərinə strateji maneə yaradan sədləri məhdudlaşdırmaqda maraqlıdırlar. Danışıq zamanı ABŞ-la Rusiyanın ticarət-iqtisadi və investisiya əməkdaşlığında maneələri aradan qaldırmaqdan tutmuş, Ukraynada müharibəyə son qoyulması və Yaxın Şərqdəki problemlərin həllində birgə işləməyə qədər razılıq rejiminin müəyyənləşməsi xeyli gizli mətləbdən xəbər verir.

Üstəlik, ABŞ-la Rusiyanın nümayəndə heyətlərinin yaxın günlərdə Səudiyyə Ərəbistanında görüş keçirəcəyi barədə məlumatlar iki dövlətin maraqlarının və geosiyasi portfellərindəki qarşılıqlı güzəşt prinsiplərinin işə düşdüyünü göstərir”.

Aqsin Kərimov

Aqşin Kərimov

Ekspert deyib ki, Rusiya ilə ABŞ arasında təməl rəqabətlər prizmasında yeni səhifələr açılacaq və bunun ilkin əlamətlərini ABŞ-ın hansı strategiya izləməsi ilə müəyyən etmək olar:

“Belə ki, ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri verməmək üçün bəhanələr axtarması onun Hind-Sakit Okean regionuna istiqamətlənməsini şərtləndirir. Bu, Avropanı sərt seçimlər qarşısında qoymaqla Rusiyanın Ukraynadakı irəliləyişlərinə zəmin yaradır. Lakin ABŞ-la Rusiyanın əməkdaşlıq prioritetlərinin gələcəkdə hansı rəqabət ssenarisi yaradacağı tam bəlli deyil. Ehtimal etmək olar ki, Rusiya ABŞ-a Hind-Sakit Okean regionunda irəliləməyə şərait yaratsın. Burada isə Rusiya ilə Çinin maraqlarında problematik situasiyalar gündəmə gələcək.

ABŞ isə Bayden administrasiyası dövründən fərqli olaraq Vaşinqtonun Cənubi Qafqaz regionundakı fəallığını Rusiya maraqlarını nəzərə almaqla məhdudlaşdıra bilər. Bu isə Rusiyanın Ukraynadakı müharibədə əldə etdiyi geosiyasi vəziyyətə uyğun olaraq Cənubi Qafqazdakı itirilmiş aktivlərini bərpa etmək səylərinə təkan verə bilər”.

A.Kərimov hesab edir ki, hər bir halda ABŞ Avropanın təhlükəsizliyinə sadiqlik çərçivələrini məhdudlaşdırmaqla Ukraynanın taleyini xoşagəlməz istiqamətə sürükləyir:

“Bunlara baxmayaraq, hələ ABŞ-la Rusiyanın Ukrayna ilə əlaqədar yekun razılıq əldə etməsini fakt kimi səsləndirmək çox tezdir. Ona görə ki Trampla Putinin münaqişəyə son qoymaq üçün təkliflərinin qarşılıqlı qəbul səviyyəsi aşkar deyil. Bu isə Rusiya ilə ABŞ arasında danışıqları Ukraynanın suverenliyi ümidsiz şəkildə zəiflədilənədək uzanması deməkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: