“Bu bölgədə Azərbaycanın yeganə dostu, müttəfiqi qardaş Türkiyədir. Qardaş ölkə ilə bütün istiqamətlərdə əlaqələr genişləndirilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq deputat Vahid Əhmədov “Teleqraf”a müsahibəsində deyib.
Deputat qeyd edib ki, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərbi-siyasi müstəvidə münasibətlər möhkəmlənməlidir.
“Rusiya isə faktiki olaraq təklənib. Belarus, Şimali Koreyadan başqa Rusiyanın yanında heç bir ölkə yoxdur. Çin isə heç də özünü Rusiyanın dostu hesab etmir. Həmçinin Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti araşdırılmalıdır. Azərbaycanda rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir. 5 il qabaq mən bu fikri Milli Məclisdə deyəndə çoxları başqa cür yanaşırdı. Əgər Rusiya Azərbaycanda rusdilli məktəblərin olmasını istəyirsə, onun maliyyələşməsini təmin etməlidir. Mən vəzifədə ikən və Milli Məclisin olduğum dönəmlər də daxil olmaqla 32 il idi ki, Rusiyaya getmirdim. Sonuncu dəfə 1992-ci ildə Rusiyada səfərdə olmuşam. 2023-cü ilin dekabrında Azərbaycan əsilli iş adamı Qod Nisanovun atası Semyon Nisanovun yas mərasimində iştirak etmək üçün Moskvada oldum. Rəhmətlik Semyon Nisanov mənim dostum idi. (Semyon Nisanov vaxtilə Qubanın ən böyük konserv zavodunun direktoru olub). Təxmini iki gün Rusiyada qaldım və oradakı vəziyyəti gördüm. Əvvəlki Rusiyadan, Moskvadan əsər-əlamət qalmamışdı. Ona görə də Rusiya rəhbərliyi öz günlərinə ağlamalıdır. Başqa dövlətlərin torpaqlarında, daxili işlərində maraqlı olmalı deyillər”.













