Azərbaycanda fəxri adlar ləğv edilir? – Rasim Balayev açıqladı

Azərbaycanda fəxri adlar ləğv edilir? – Rasim Balayev açıqladı

Azərbaycanda fəxri adların verilməsinin dayandırılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, Modern.az son illər bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsinin dayandırıldığını yazıb. Ümumiyyətlə, bu mövzuda fikirlər hər zaman haçalanır. Əksər hallarda fəxri adların sovet ənənəsi olduğu, artıq buna ehtiyac qalmadığı vurğulansa da, bir qisim əksini iddia edir. 

Fəxri adların verilməsinin rəsmi qaydada dayandırılacağı gözlənilirmi?

Globalinfo.az-a danışan Xalq artisti Rasim Balayev bir neçə ildir fəxri adların verilmədiyini deyib:

“Görünür, fəxri adları ləğv etmək fikirləri var. Bir neçə ildir adların verilməsi ilə bağlı aidiyyəti quruma siyahı təqdim edirik, lakin nəticə yoxdur. Ola bilsin, Prezident təqaüdü, mükafatlar təqdim edilir, amma ad verilmir. Bu, sovet hökumətindən bizə qalan ənənədir. Heç Türkiyədə fəxri ad anlayışı yoxdur”.

Xalq artistinin fəxri ad ala bilməyənlərlə bağlı dedikləri diqqət çəkib:

“İnanın, adam var ki, fəxri ad ala bilmədiyi üçün infarkt keçirib. Xalq artisti Zeynəb Xanlarova deputat ikən parlamentdə demişdi ki, Fatma Abdullazadə dükan açıb, “Əməkdar artist” adını filan qiymətə, “Xalq artisti” adını filan qiymətə satır”.

Zaira Akifqızı
Globalinfo.az