İslam İnqilabı Keşikçiləri Korpusunun (qısa adı SEPAH-red.) yüksək rütbəli zabiti Qasım Fətullahi Tehrandakı evinin qarşısında güllələnib. Sui-qəsd İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsinin növbəti ildönümünün qeyd olunduğu gündə baş verib. Süleymani üç il bundan öncə eyni gündə Amerika Birləşmiş Ştatlarına məxsus drondan atılan raketlə Bağdad aeroportunda qətlə yetirilmişdi.
Qasım Süleymani İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru idi. O, 1998–2020-ci illər arasında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlayıb. İraqda Səddam Hüseynin əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və fələstinli hərbiləşdirilmiş təşkilat HƏMAS-a hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi.
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində general Qasım Süleymani öldürüldü. Əməliyyat Bağdad aeroportu rayonunda ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kolonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı, daha doqquz nəfər, o cümlədən İraqdakı “Həşdi Şabi” şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də həlak olub. Qasım Süleymani və əl-Mühəndisi təyyarə ilə Suriyadan Bağdada gəliblər. Daha sonra onları aparan avtomobil korteji hava limanını tərk edərkən onları Amerika raketləri haqlayıb. Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib, nəticədə avtomobil darmadağın olub.
Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı ABŞ diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib. 2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.
Növbəti sui-qəsdin qurbanının adının da Qasım olması və onun qətlə yetirilməsinin general Qasım Süleymaninin öldürüldüyü gündə baş verməsi də təsadüf deyil. İslam İnqilabı Korpusunun əməkdaşlarının arxasına düşən xüsusi xidmət orqanı nə qədər fövqəladə qüvvəyə malik olmalıdır ki, general öldürüldüyü gün eyni adlı başqa bir yüksək rütbəli zabiti qətlə yetirə bilsin. Bunun üçün uzun müddət işləmək və ciddi hazırlıq işi görmək lazımdır.
Bu sui-qəsd eyni zamanda çağırışdır. İran Xüsusi Xidmət orqanlarına çağırış. Bu, sui-qəsdi təşkil edənlərin qarşısında heç bir maneə olmadığını sübut edən bir addımdır. Deməli, onlar üçün İran Xüsusi Xidmət orqanlarının yüksək rütbəli zabitlərini ardan götürmək heç də mürəkkəb məsələ deyil. Onlar hər qarşılarına çıxan İİKK hərbçisini qətlə yetirmir, seçim edirlər.
Növbəti sui-qəsdin yeni ilin başlanğıcında baş verməsi də rəmzi səciyyə daşıyır. Bununla sui-qəsdin təşkilatçıları ilin sonuna qədər öz əməllərini davam etdirəcəkləri haqda mesaj verirlər: İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinə qarşı sui-qəsdlər 2023-də də davam edəcək.
İranda isə sui-qəsdə məruz qalan və qətlə yetirilən yüksək rütbəli hərbçilərin siyahısını tərtib etmək və onların qisasını nə vaxtsa alacaqları barədə hədə-qorxu gəlməklə məşğuldurlar.
Əlimusa İbrahimov, politoloq
Xüsusi olaraq Globalinfo.az üçün














