Bu gün, fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı da saxlanıb. Yaxınlarının bildirməsinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.
Globalinfo.az bildirir ki, Azadlıq Radiosunun məlumatına görə, hələlik, baş verənlərə Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanıb.
Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: “Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər”.
Vəkil Şəhla Hümbətova bildirib ki, Ş.Ağa “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Hələlik, onun saxlanması xəbərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
“MeydanTV işi” üzrə ötən il dekabrın 6-da altı jurnalist – Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.














