İmişli rayonunda gənc qızın naməlum şəxslər tərəfindən oğurlanmasının yeni detalları məlum olub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, İmişli rayon Boşçalılar kənd sakini olan gənc qız evlənmək məqsədilə qaçırılıb.
Elçilik zamanı “yox” cavabı alan Füzuli rayon sakini Vasif Məmmədov (oğlanın atası) onu qaçırmaq qərarına gəlib. Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.
Polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu “Mersedes-Benz” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.
Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə iş başlanılıb.
***11:07
İmişlidə qadının oğurlanması ilə bağlı təfərrüatlar məlum olub.
Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, oğlanın ailəsi əvvəllər qızın ailəsinə elçi gedib. Lakin qız evi evliliyə razı olmayıb. Bunu görən oğlan tərəf məcburi evliliyə qərar veriblər.
Oğlan tərəfi qızı zorla qaçıraraq, məcburi evliliyə çalışıblar. Lakin onlar saxlanılaraq, istintaqa təhvil veriliblər.
Hazırda adam oğurluğu maddəsilə araşdırma aparılır.
***10:21
İmişlidə qadını oğurlayan şəxslər Salyanda saxlanılıb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.
Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.