İran elan olunmayan müharibəyə hazırlaşır – Araqçının bəyanatının gerçək səbəbləri

İran elan olunmayan müharibəyə hazırlaşır – Araqçının bəyanatının gerçək səbəbləri

İranın xarici işlər naziri Abbas Araqçı İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə istənilən zərbəsinin regionu genişmiqyaslı müharibəyə daxil edəcəyini deyib. Onun sözlərinə görə, nüvə obyektlərinə zərbə ABŞ-ın yol verə biləcəyi ən böyük tarixi səhv olacaq. Eyni zamanda İranın bu zərbələrə dərhal cavab verəcəyi və regionda total müharibənin başlayacağına da diqqət çəkilib.

Bu realdırmı? İranın İsrail və ABŞ-la müharibəyə başlamaq gücü varmı?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İran rəsmiləri Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah” qruplaşması zəiflədikdən, İsrail-Fələstin münaqişəsində müəyyən anlaşmaların ortaya çıxmasından, Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra məğlubiyyətini bu kimi ritorik açıqlamalarla ört-basdır etməyə çalışır:

“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinə qarşı olduqlarını bildirirlər. Buna imkan verməyəcəklərini söyləyirlər. Hələ ki ABŞ və İsrail İranın nüvə obyektlərini vuracaqlarına dair açıqlamalar verməyiblər. Bu baxımdan Abbas Araqçının regionu müharibə ilə hədələməsi daha çox Tehran hakimiyyətinin öz perspektivindən ehtiyatlanmasının göstəricisidir. Tehran hesab edir ki, Bəşər Əsəd rejiminin süqutundan sonra növbə ona çata bilər. İran ona görə də ABŞ-la dialoqa can atır”.

İran elan olunmayan müharibəyə hazırlaşır – Araqçının bəyanatının gerçək səbəbləri

Sədrəddin Soltan

Politoloqun sözlərinə görə, bu çıxışlar hədələyici xarakterə malikdir:

“Guya Tehranın regionda müharibə aparacağına və onu heç kimin məğlub edə bilməyəcəyinə diqqət çəkirlər. Məqsəd isə özünü güclü, məğlubedilməz göstərməkdir. Lakin İranın gücü əvvəlki qədər deyil. Çünki ölkədə iqtisadi vəziyyət ağırlaşmağa doğru gedir, cəmiyyətdə etirazlar səngimir. Yaxın perspektivdə İsrailin İranın nüvə obyektlərini vurması, yaxud, İranın ona adekvat cavab verməsi ehtimalı azdır. İsrail və ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyata başlaması inandırıcı görünmür”.

Safura Bənnayeva
Globalinfo.az