“Qarabağ”ın uğursuzluğunun səbəbi açıqlandı – “Komandada problem yaranıb”

“Qarabağ”ın uğursuzluğunun səbəbi açıqlandı - “Komandada problem yaranıb”

Son zamanlar Ağdamın “Qarabağ” futbol klubunun uğursuz nəticələr göstərməsi diqqət çəkir. Məlumdur ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olub. Ondan öncə isə UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına qalib gələ bilmədi.

Ölkənin ən sevimli və güclü komandası olan “Qarabağın” ardıcıl məğlubiyyəti narahatlıq yaradır.Uğursuzluq nə ilə bağlı ola bilər?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, Azərbaycanın futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, “Qarabağ” məğlub olmamalıdır.

O, futbolda belə yanaşmanın qəbuledilməz olduğunu qeyd edib:

“Futbol olduqca incə, həssas oyundur. Burda məğlubedilməz komanda yoxdur. Ən xırda detal belə komandada müəyyən müddət enişə səbəb ola bilər. İstənilən komandanın, o cümlədən nəhənglərin də uğursuz dönəm yaşadığı vaxtlar olub. “Qarabağ” “Zirə”yə məğlub olandan bir gün əvvəl “Real” “Espanyol”a məğlub olmuşdu. İnanmıram ki, İspaniya ictimaiyyəti “Real”a nə olub” sualını versin. Futbolda hər şey mümkündür. “Qarabağ”da psixoloji problemin yarandığı hiss olunur. Nədən yaranıb? Güman ki, Avropa Liqasının qrup mərhələsindəki uğursuzluğun fəsadıdır. “Qarabağ” avrokuboklarda əksər oyunlarda rəqiblərindən daha yaxşı təsir bağışlasa da, məğlub oldu. Təbii ki, bu da futbolçuların psixoloji durumuna, düşüncəsinə təsir etdi. Amma düşünmürəm ki, bu eniş çempionatda “Qarabağ” üçün hansısa təhlükə yaradır. Yox, “Qarabağ” asanlıqla çempionluğu təmin edəcək. Növbəti oyunda qazanılacaq qələbə, klubdaxili əhval-ruhiyyəni gücləndirəcək, ondan sonra isə hər şey öz axarı ilə gedəcək”.

“Qarabağ”ın uğursuzluğunun səbəbi açıqlandı - “Komandada problem yaranıb”

Natiq Muxtarlı

N.Muxtarlı “Qarabağın” çempionluğu təmin etdiyini bildirib:

“Əminliklə deyirəm, “Qarabağ” artıq çempionluğu təmin edib, amma komandanın qarşısında daha vacib məsələ var: Növbəti avrokubok mövsümünə hazırlaşmaq vacibdir. Komandaya transferlərin lazım olduğu şəksizdir. Avrokubok Azərbaycan çempionatı deyil. Orada hər hansı boşluqdan rəqiblər maksimum yararlanır. İstər heyətdəki boşluq olsun, istərsə də psixoloji aspektdə yaranan problem. Lakin vaxt var və “Qarabağ”ın futbolçuları da çox təcrübəlidirlər. Onlar bu psixoloji aspektdə yaranan problemin öhdəsindən gələcəklər. Əsas məsələ heyəti komplektləşdirməkdir. Komandaya lazım olacaq futbolçuları tapmaq mümkün olacaq? Yayda bu problem həll olunmasa, heç şübhəsiz ki, Avrokuboklarda uğur tendensiyasına son qoyula bilər. Çempionatdakı məğlubiyyətlərdən narahat olmağa ehtiyac yoxdur, amma yay sınağı mütləq nəzərə alınmalı və əməli addımlar atılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az