Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilib.
Məqsəd fondun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsidir. Bununla da, əsasən qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürülmələrin edilməsi üçün hüquqi əsas yaradılır.
Ölkə Prezidentinin 1 mart 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun – elektrik enerjisi (bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur. Qanunun dəyişməsi ilə qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.
Fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə (Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə) yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək. Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, müvafiq sahənin elmi-texniki təminatı, ağıllı sayğacların və sistemlərin, kogenerasiya qurğularının tətbiqi, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması və enerji resurslarından səmərəli istifadə sahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadə imkanlarının artması nəzərdə tutulur.
X X X
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq.
Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadılacaq.
Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq.
Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və ya dinləmələrdə pedaqoqun iştirakı təmin olunacaq.
Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunacaq:
– məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
– məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
– əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
– zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
– zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
X X X
Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.
Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.
Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
Nazirlər Kabineti “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası”nı iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti lazımi normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.
X X X
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, yenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib:
– ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;
– buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.
Bundan başqa, yeni qanunla bundan sonra avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, eləcə də buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyacaqlar.