Bu günlərdə mediada Azərbaycanda əxlaqsızlıqla məşğul olan 5 iranlı qadının deportasiya olunması xəbəri yayıldı. Onların casus olduqlarına dair iddialar da səsləndirilir.
Sirr deyil ki, tarixdə yüngül həyat tərzi yaşayan və müxtəlif ölkələrə işləyən casus qadınlar olub. “Mata hari” adı ilə tanınan hindistanlı Marqarita Qertruda Zell onlardan ən məşhuru hesab edilir.
Qertrudanın Almaniya və Fransa kimi dövlətlərin hərbi-siyasi elitası ilə görüşdüyü, məşuqəsi olaraq casusluq etdiyinə dair məlumatlar var.
Sual yaranır: Bakıda saxlanılan İran vətəndaşları da casus ola bilərmi? Bu qadınların əllərində hər hansı strateji məlumatların olması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədlinin fikrincə, bu, mümkün ola da bilər, olmaya da.
Politoloqun sözlərinə görə, adətən dövlətlər casus kimi bu cür qadınlardan, kişilərdən istifadə edirlər:
“Ümumiyyətlə, hər sahədə adamlarının olması casus agentura şəbəkəsinin metodudur. Təbii ki, həmin qadınlardan casus kimi istifadə edə bilərlər. Aidiyyatı qurumlar yəqin ki, bunu araşdırıb. Belə metoddan dövlətlər hər zaman istifadə ediblər. Müxtəlif peşə sahibi kimi casuslar hədəfdəki dövlətdən məlumatlar toplayırlar”.
Əhəd Məmmədli
Əhəd Məmmədli deyib ki, hər zaman ehtiyatlı olmaq lazımdır:
“Dövlətimiz də, vətəndaşlarımız da ehtiyatlı olmalıdırlar. Çünki Azərbaycan bu gün diqqət mərkəzindədir, hədəfdədir. Bizi istəməyənlər çoxdur. Çətin geopolitik reallıqda baş çıxarmağa davam etməliyik. Bunlardan da biri ordu və xüsusi xidmət orqanlarımızın güclü olmasıdır. Hətta dost ölkələrinin də xüsusi xidmət orqanlarından dəstək almağımız lazımdır. Yəqin ki, bu yöndə addımlar atılır, dövlətin təhlükəsizliyi qorunmağa davam edir”.
Zaira Akifqızı
Globalinfo.az














