Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən “MedEra” hospitalın tibb bacısı Aynurə Paşazadə bildirib ki, insident baş verən gün səhər saatlarında işə gələrkən söyüş səsləri eşidib:
“Ağadadaş müəllimin balta atdığını gördüm. Balta Nəzakət xanıma dəydi. O, söyüş söyürdü. Nurəddin də özünü qorumaq üçün qarşılıq verirdi. Sonra Nurəddin təcili yardıma yaxınlaşdı. Ağzı və burnu qan içində idi. Həmin gün növbəni təhvil alarkən gecə saatlarında daxil olan xəstələrin siyahısını da təhvil vermişdilər. Ağadadaş Ağayevin də həmin gecə bizim hospitala müraciət etdiyini bilirdim”.
Ağadadaş Ağayev hiddətlənərək şahidə bir neçə sual ünvanlayıb.
“Atdığım baltanın ölçüsü nə qədər idi? Nə rəngdə idi? Ət baltası idi?”, – Xalq artisti şahidə sualında bildirib.
Aynurə Paşazadə sözügedən baltanın xüsusiyyətlərini prosesdə sadalayıb.
Daha sonra prosesdə ifadə verən şahid Firdovsi Səfərov deyib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə vaxtı “MedEra” hospitalın qarşısında olub:
“Nurəddinin söyüş söydüyünü gördüm. Yaxınlaşıb niyə söyüş söydüyünü soruşdum. Dedi, Ağadadaş həkim istəyir. Dedim ki, ayıbdır, həkim istəyir, çağır. Mən gələndə Ağadadaş müəllim yerdəydi, yaxınlaşıb yerdən qaldırdım”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Bu gün Ağadadaş Ağayevin “MedEra” hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya xitam verilib.
Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Bu gün keçirilən iclasda məhkəmə xalq artistinin cinayət işi üzrə olan prosesi yanvarın 23-nə kimi təxirə salıb.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
***10:48
Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev iştirak etməyib.
“MedEra Hospital” isə Sənan Şirinov təmsil edib.
Tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.
Qeyd olunub ki, notariusda barışıq əldə olunub, tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə müşavirə edərək qərar qəbul edib.
Qərara əsasən, iddiadan imtina edildiyi üçün icraata xitam verilib.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.














