qezza 0 1

İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” mənbəsinə istinadən məlumat yayıb.

“Vasitəçilərin səyləri nəticəsində Qəzzada Fələstin xalqının iztirablarına son qoyacaq razılıq əldə olunub”, – məlumatda deyilir.

“Reuters”in verdiyi məlumata əsasən, hələ rəsmi olaraq elan olunmayan razılaşma altı həftəlik ilkin atəşkəs, İsrail qoşunlarının Qəzzadan tədricən çıxarılmasını və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur.

“Al Jazeera” isə bildirir ki, atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girov azad ediləcək.

Məlumata görə, İsrail 250-yə yaxın fələstinli məhbusu həbsxanalardan azad edəcək və qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çekəcək.

Qeyd edilir ki, razılaşma Birləşmiş Ştatların dəstəyi, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlardan sonra əldə edilib və yanvarın 20-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən bir qədər əvvəl əldə olunub.

Donald Tramp sosial şəbəkə hesabında “Yaxın Şərqdəki girovların geri qaytarılması məsələsini razılaşdırdıq” sözlərini yazıb.

“Tayms of İsrail” bildirib ki, Tramp atəşkəs və girovlarla bağlı razılaşmanı təsdiqləyən ilk liderdir.

Qətərin baş naziri bildirib ki, atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək.

Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək.

Paylaş: