naxcivan 1

Naxçıvanda Vasif Talıbovun istefasından sonra MR ilə bağlı müsbət dəyişikliklərin baş verəcəyi gözləntisi var. Muxtar Respublikada həyat səviyyəsinin artırılması istiqamətində bir sıra təkliflər səsləndirilir. Millət vəkili Fazil Mustafa təklif edib ki, dövlət naxçıvanlılara bəzi jestlər etməlidir. Məsələn, aviabiletlərin qiymətlərində ciddi endirimlər ola bilər.

Bəs daha hansı addımları atmaq mümkündür?

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev Globalinfo.az-a bildirib ki, Naxçıvanda hər zaman insanları narazı salan böyük problemlər olub:

“Naxçıvanda insanların bizneslə məşğul olması üçün gözəl iş mühiti, azad şəkildə bura girib-çıxa bilmələri üçün şərait yaradılmalıdır. Burada Azərbaycan Respublikasının Konstitusiyası tam olaraq təsbit olunmalıdır. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması, yeni iqtisadi imkanların ortaya çıxması kimi məsələlərlə bağlı ciddi sərmayələrə ehtiyac var”.

R.Nurullayev qeyd edib ki, hazırda Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi və hüquq mühafizə orqanları araşdırmalar aparırlar:

“Nəticədə günahkarlar, təbii ki, cəzalandırılacaqlar. Həmçinin dövlət büdcəsindən oğurlanan vəsaitlərin geri qaytarılması ilə bağlı addımlar atıla bilər və atılmalıdır da. Bütün bunlar həyata keçiriləndən sonra biz artıq tamam başqa bir Naxçıvan görəcəyik”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: