turkstream1

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ Ukraynaya “Türk axını” kəmərini sıradan çıxarmağa icazə verib. Bu hücum cəhdinin Avropaya qaz tranziti üçün təhlükəli olduğu bildirilib. 

Avropa bu xəbərdarlığı nəzərə alıb, Kiyevi həmin əraziyə hücumdan çəkindirə biləcəkmi? 

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiya-Ukrayna arasında münasibətlərin həlledici aktoru olan ABŞ-da Trampın vəzifə səlahiyyətlərinə başlaması ərəfəsində cəbhədə vəziyyətin getdikcə gərginləşdiyi müşahidə edilir:

“Tərəflərin söz ritorikası sərtləşib, döyüşlər şiddətlənib. Qarşılıqlı olaraq hərbi, iqtisadi infrastrukturun məhv edilməsi prosesi sürətlənib. “Türk axını”na hücum edilməsi də Rusiyanın iqtisadi baxımdan zərərə uğradılmasına xidmət edir. Lakin Avropanın enerji təhlükəsizliyi məsələsində Rusiyadan asılılığı ehtiyatlı addımlar atılmasını tələb edir.

Ötən ilin yayında Rusiyanın neftayırma zavodlarının vurulmasına qarşı ilk etiraz edən ABŞ olmuşdu. Bundan sonra bu hücumların istiqaməti dəyişdirildi. Belə görünür ki, qarşı tərəf Rusiyanı itkilərə uğradarkən özünə dəyə biləcək zərərləri də hesablayır. Əgər Avropanın kifayət qədər qaz ehtiyatı varsa, Kremlin bəyanatları “Türk axını”nın sıradan çıxarılmasının qarşısını ala bilməyəcək. Bir neçə ay əvvəl Avropa İttifaqının rəhbərliyi bəyan etmişdi ki, kifayət qədər qaz ehtiyatlarına sahibdirlər. Əgər bu bəyanat doğrudursa, qaz xəttini Ukrayna dronları tezliklə məhv edəcək. Yox əgər müharibə yalanlarından biridirsə, “Türk axını”na toxunulmayacaq.

Müharibə zamanı verilən informasiyaların böyük əksəriyyətinin yalan və şişirtmə olduğunu qəbul edərək, yaxın günlərdə həqiqətin üzə çıxacağını demək mümkündür”.

Turan Rzayev 

Globalinfo.az

Paylaş: