Prezident bir sıra sənədləri imzaladı

Prezident bir sıra sənədləri imzaladı

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Sözügedən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edəcək. Hazırlanmış tələblərin “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulub.

X X X

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyənləşib.

Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Qanuna əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

Eyni zamanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.

Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.

X X X

Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi ümumi qayda müəyyən ediləcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Nazirlər Kabineti qeyd olunan qaydanı altı ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.

X X X

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

X X X

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, sərəncama əsasən, Limanın yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması üçün limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi layihə idarəetmə ofisinin yaradılması ilə əlaqədar 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan nizamnamə kapitalının artırılması üçün 20 milyon manat vəsait “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.