Vasif hakimiyyet Kerem mustafa

Vasif Talıbovun istefasından sonra Naxçıvanda bir çox sahələrdə dəyişikliklərə start verildiyi deyilir. Muxtar respublikanın Gömrük Komitəsində, Maliyyə Nazirliyində, başqa qurumlarında yoxlamalar aparılıb, həbslər olub.

Ən ciddi islahat isə idarəetmənin kökündən dəyişdirilməsi ilə bağlıdır. Artıq muxtar respublikaya Prezidentin xüsusi nümayəndəsi təyin edilib və o, fəaliyyətə başlayıb. Naxçıvanda indən sonra da islahatların davam edəcəyi deyilir.

Bəs bu islahatlar hərbi sahəyə də çatacaqmı? Müzakirələrdə ən çox adı çəkilən qurumlardan biri də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusudur.

Hazırda proseslər onu göstərir ki, Naxçıvan Maliyyə Nazirliyi və Gömrük Komitəsində aparılan araşdırmalardan sonra ordu strukturunda da bu cür dəyişikliklər gözlənilir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Globalinfo.az-a bildirib ki, yaxın vaxtlarda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ilə bağlı qərar veriləcək:

“Yəqin ki, yanvar ayında ən azından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevlə bağlı qərar veriləcək. Məlumata görə, o, geyim formasının daşınması, sıra hazırlığı və s. digər məsələlərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin verdiyi bəzi tapşırıqları lazımi şəkildə yerinə yetirməyib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı nomenklaturası həm də Müdafiə Nazirliyinin müavini statusudur. Bu cür təyinatlar və yerdəyişmələr ancaq Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə həyata keçirilir”.

Uzeyir ceferov

Ekspert Vasif Talıbovun Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ilə hər hansı təxribat törədə biləcəyi ehtimalına inanmadığını deyib:

“Çünki Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda kifayət qədər sağlam düşüncəli insanlar var. Ordu bir nəfərdən asılı deyil, orada ayrı-ayrı komandirlər var. Naxçıvanda hərbi hissələrdə kifayət qədər nizam-intizam olub. İş olan yerdə nöqsanlar da olur, amma komandanın dəyişilməsinə ehtiyac var. Bir sıra açıqlanan və açıqlanmayan məsələlərlə bağlı siqnallar var ki, orda yanvarda dəyişikliklər olacaq”.

Ü.Cəfərov Naxçıvanla bağlı rotasiya yerdəyişmələri və digər məsələlərin də qaydaya salınmalı olduğunu deyib:

“Əks təqdirdə, insanlarda yenə də bəzi inamsızlıqlar olacaq. Düşünürəm ki, yanvar ayı ərzində müəyyən məsələlərlə bağlı həm Müdafiə Nazirliyinin mövqeyini görəcəyik, həm də qəbul edilən qərarları birlikdə izləyəcəyik”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: