“Prezidentin Fuad Nəcəfli kimi təmiz reputasiyalı, savadlı, hər hansı bir qruplaşmaya, klana və ya oliqarxa bağlantısı olmayan cavan bir kadrı Naxçıvan Muxtar Respublikasında özünün səlahiyyətli nümayəndə təyin etməsi bölgənin gələcəyi ilə bağlı atılacaq addımları da indidən proqnozlaşdırmağa imkan verir. Görünən odur ki, son 27 ildə sürətlə boşalan Naxçıvanın həyatında artıq yeni bir mərhələ başlayacaq və bu mərhələ əhalinin kütləvi köçünün dayandırılması, bölgəyə yenidən qayıdışın təmin edilməsi, sosial həyatın canlandırılması və sürətli tərəqqi dövrü olacaq”.
Bu fikirləri Globalinfo.az-a Ədalət Partiyası sədrinin müavini, əslən Naxçıvan MR-in Şahbuz rayonunun Kolanı kəndindən olan Elxan Şükürlü həmkəndlisi Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməsi məsələsini şərh edərkən deyib.
E.Şükürlü bildirib ki, qarşıdakı bir neçə ayın Fuad Nəcəfli üçün çox çətin olacağını gözləsə də, onun bu çətinlikləri tədricən dəf edəcəyinə və ölkə Prezidentinin qarşıya qoyduğu tapşırıqların öhdəsindən layiqincə gələcəyinə də əmindir:
“Fuad Nəcəfli çox savadlı və prinsipial adamdır, xalqdan çıxıb, bölgəni yaxşı tanıyır, problemlərinə dərindən bələddir. Ondan həm ölkə rəhbərliyinin, həm də Naxçıvan camaatının hədsiz böyük gözləntiləri var. Bir tərəfdən, kritik bir dönəmdə və olduqca strateji bir bölgədə siyasi sabitliyin qorunub saxlanmasını təmin etməli, eyni zamanda, 27 il ərzində sıxışdırılıb küncə sıxılmış, haqqı tapdanmış əhalinin saysız şikayətlərini araşdırmalı, onların ədalətli həllinə nail olmalı, o biri tərəfdən də, kütləvi şəkildə Naxçıvanı tərk etmiş insanların bölgəyə qayıdışına gətirib çıxaracaq layihələr həyata keçirməldir. Təbii ki, bunun üçün o, öncə sağlam insanlardan ibarət güclü idarəetmə aparatı, yaxşı bir komanda formalaşdırmalıdır”.
Elxan Şükürlü
2019-cu ildən bu yana həyata keçirilən kadr islahatlarının təcrübəsinə diqqət çəkməyi vacib sayan E.Şükürlü hesab edir ki, ilk vaxtlarda Fuad Nəcəfliyə hücumlar, ciddi təzyiqlər, gördüyü işləri sabotaj etmək cəhdləri də çox olacaq:
“Təcrübə göstərir ki, postundan uzaqlaşdırılan “köhnələr” “yenilər”in işbilməz, özlərinin isə əvəzedilməz olduqlarını göstərmək üçün müxtəlif şayiə, dezinformasiyalarla onları əvəzləyən kadrları ləkələməyə, gözdən salmağa çalışır, ən müxtəlif vasitələrlə görülən işləri qəsdən sabotaj edirlər. Böyük ehtimalla, həm Talıbovun 27 il ərzində bölgədə formalaşdırdığı və bölgənin bütün iqtisadiyyatını əlində cəmləmiş klan, həm də Talıbovun yerinə öz namizədini keçirmək istəyən, ancaq bu istəyinə çata bilməyən oliqarxlar çalışacaqlar ki, eyni metodları Fuad Nəcəfliyə qarşı da tətbiq etsinlər. Ancaq ona da arxayınam ki, özünün intellektual hazırlığı, enerjisi, nisbətən gənc nəsil təmsilçisi olması və yerli ənənələri, hər bir rayon və kəndin camaatının xarakterik xüsusiyyətlərini bilməsi ona bütün çətinlikləri dəf etmək imkanı verəcək. Yetər ki, o, əvvəlkilər kimi özü ilə xalqı arasına sədd çəkməsin, daim camaatın içində olsun, vətəndaşlarla birbaşa təmasdan yayınmasın və bütün bunları etmək üçün də ona səlahiyyət verilsin. Çünki adamlar eşitdiklərinə yox, gördüklərinə daha çox inanırlar və Fuad Nəcəfli də özünün üstün keyfiyyətlərini, Talıbov idarəetməsindən fərqli bir idarəetmənin artıq Naxçıvana gəlib çatdığını camaatımıza əyani şəkildə göstərməyi bacarmalıdır”.
Naxçıvandan əhalinin kütləvi köçünə əsas səbəbin sərt inzibati idarəetmə, işsizlik və gənclərin sosial həyatının yoxluğu olduğunu deyən E.Şükürlünün fikrincə, bu problemləri ən qısa müddətdə aradan qaldırmaq üçün öncə əvvəlki rəhbərliyin anormal qərarları ləğv edilməli, ardınca da Muxtar Respublikadan sıxışdırılıb çıxarılmış Naxçıvan əsilli iş adamlarına, bölgənin nüfuzlu ağsaqqallarına, ziyalılarına çağırış ünvanlayaraq, onlarla birgə bölgənin problemlərinin açıq və geniş müzakirəsi təşkil edilməli, ona uyğun da qərarlar verilməlidir:
“Naxçıvana qayıdış Qarabağa qayıdış qədər önəmlidir. Əhalinin öz ata-baba yurdlarına qayıtmaları, varlı naxçıvanlıların bölgəyə sərmayə qoymaları, iş yerləri açmaları üçün nə gərəkdirsə, o da edilməlidir”.
Gülnar Səlimova
Globalinfo.az














