Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Globalinfo.az xəbər verir ki, 27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.
Xocalı sakinləri, keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.
İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri üçün binalar, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilib.
X X X
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı çatıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Ballıcaya ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə kəndə 27 ailə – 152 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
***11:41
Xocalının Ballıca kəndinə köç karvanı yola salınır.
Globalinfo.az xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.
Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.
Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi Xocalı şəhərindən 10,6 km məsafədə yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Ermənistan ordusu tərəfindən silah anbarı kimi istifadə edilib. 2020-ci oktyabrın 5-də Vətən müharibəsi zamanı silah anbarı Azərbaycan Ordusu tərəfindən məhv edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində kənd azad olunub.
Xatırladaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 mindən artıq insan yaşayır.