“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili partiyadan getməsi ilə bağlı məlumatı absurd adlandırıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İrakli Qaribaşvili “Rustavi2” telekanalına verdiyi müsahibəsində bildirib.
O, hakim partiyanın sədri kimi fəaliyyətini davam etdirdiyini qeyd edib.
Qaribaşvili onun çoxsaylı xəsarətlərlə klinikaya daxil olması barədə yayılan məlumatı da absurd adlandırıb. Onun sözlərinə görə, məşq zamanı qolundan zədə alıb və tibb müəssisəsində müayinələrdən keçib.
“Son günlər ictimaiyyətin gördüyü absurd böhtanlara, ittihamlara, yalanlara cavab vermək istəyirəm. Biz bəyanat da yaydıq. Mətbuatda etiraz əlaməti olaraq partiyanı tərk etdiyim, komandadan ayrıldığım, nəyəsə etiraz etdiyim, hətta böhran zamanı, ölkəmiz çox böyük problemlərlə üzləşən zaman bu fonda partiyadan ayrılmağım barədə məlumat yayılıb. Bu absurddur. Məni tanıyanlar – məncə hamı məni yaxşı tanıyır – bilir ki, bu mənim tərzim deyil. Mənim qaydalarım, prinsiplərim var. Mən bütün şüurlu həyatım boyu bu qaydalarla yaşayıram və heç vaxt bu qaydalardan kənara çıxmayacağam” – deyə İrakli Qaribaşvili bildirib.
***14:55
İddialara görə, Gürcüstanın keçmiş Baş naziri, indiki “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “Mtavari” kanalı yayıb.
Məlumata əsasən, “Gürcü arzusu” partiyasında fiziki qarşıdurma olduğu barədə məlumatlar var. İrakli Qaribaşvilinin travmatologiya şöbəsində olması barədə dünən sözügedən telekanalın efirində Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də danışıb.
“Gürcü arzusu”nun sədri ilə bağlı məlumata hakim partiya münasibət bildirərək, keçmiş Baş nazirin hər hansı qarşıdurma səbəbindən deyil, idman zamanı aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.
Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırıb.
“Açığı, bu, növbəti dezinformasiya və ictimaiyyəti çaşdırmaq üçün cılız bir cəhddir. Daha doğrusu, “Gürcü arzusu”nun sədri məşq zamanı çiynindən zədə alıb və bir az da tibbi yardıma ehtiyacı olub. İrakli Qaribaşvili fəaliyyətini davam etdirir. Biz ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırırıq” – deyə “Gürcü arzusu”nun yaydığı məlumatda deyilir.