Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, birgə məlumatda deyilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur.
X X X
“Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür:
“Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür”.














