baki tbilsi

“Gürcüstanda keçirilən parlament seçkiləri sona çatdı. Gürcüstan MSK-nın yekun nəticələrinə görə 54 %-ə yaxın səs toplayan hakim “Gürcü Arzusu” seçkinin qalibi oldu. Ümumi qələbəyə baxmayaraq İvanişvilinin partiyası Tbilisi, Kutaisi, Batumi də daxil olmaqla bir neçə əhəmiyyətli böyük şəhərdə müxalifətə uduzub. Regionlarda isə hakim partiya ciddi fərqlə qələbə qazandı. Xüsusilə etnik azlıqların yaşadıqları bölgələrdə hakim partiya böyük üstünlüklə qələbə qazanmağı bacardı”. 

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Elvin Baxşalızadə deyib.

Onun sözlərinə görə, qeyd olunan nəticələrə baxmayaraq, Gürcüstan parlamentinin fəaliyyətə başlayıb-başlamayacağı sual altındadır:

“Belə ki, parlamentin fəaliyyətə başlaması üçün minimum 100 deputat mandatını təsdiq etdirməlidir. “Gürcü Arzusu” isə təklikdə bunu həyata keçirə bilməyəcək. Ən azı parlamentdə yer qazanmış müxalif liderlərdən biri ilə anlaşmaq lazımdır. Amma bu indiki məqamda mümkün görünmür. Belə ki, parlamentdə yer qazanmış müxalifət partiyaları və müstəqil namizədlərin əksər hissəsi seçkini legitim hesab etmir və nəticələrin ləğvini tələb edir. Bundan başqa Gürcüstan Prezidenti Zurabişvili də vətəndaşları oktyabrın 28-də parlament binası qarşısında toplanmağa və seçki nəticələrinə etiraz etməyə səsləyib. Prezident seçki nəticələrini tanımadığını bildirib.

Beləliklə qonşu ölkə xaotik dönəmə qədəm qoyur. Proses nə qədər davam edəcək və nəticə necə olacaq, bunu bizə zaman göstərəcək”.

elvin baxsalizade 131

Elvin Baxşalızadə

Siyasi şərhçi Gürcüstandakı seçkilərin hazırkı nəticəsindən Azərbaycanın qazancının nə olacağı ilə bağlı sualımıza belə cavab verib:

“Azərbaycanın əsas istəyi, marağı Gürcüstanın tezliklə bu prosesdən “qan itirmədən” çıxmasıdır. Qonşu ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq ikitərəfli münasibətlər daim yüksək səviyyədə qalmalıdır. Çünki biz iki dövlət olaraq iqtisadi-mədəni baxımdan dərin inteqrasiya etmişik. Əsas neft-qaz kəmərlərimiz məhz Gürcüstan ərazisindən keçib dünya bazarına çıxır. Bundan başqa qonşu ölkədə böyük həcmli investisiyalarımız mövcuddur.

Ən vacibi isə qonşu ölkədə yaşayan yüz minlərlə azərbaycanlının taleyidir. Soydaşlarımızı bu “sancılı” prosesdən zərər görmədən çıxmalarını arzu edirəm”.

Safura Bənnayeva

Globalinfo.az

Paylaş: