Oktyabrın 22-də güclü yağan yağış nəticəsində Bakı şəhərinin Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən “Bağırov körpüsü” adlanan yolötürücüsünü su basıb. Bu, ictimaiyyətdə müxtəlif narahatlıq yaradıb. Hətta bəzi ekspertlər həmin körpünün istismar müddətinin başa çatdığını qeyd edir.
Bəs, Bağırov körpüsü sökülə bilərmi?
Globalinfo.az-a danışan Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov deyib ki, bir körpünün təxmini 50-100 il istismar müddəti olur.
Onun sözlərinə görə, bəzi hallarda uzun illər öncə tikilən körpülər yenilənir:
“Bəzi müasir körpülərin kommunikasiya xətləri, keçiricilik qabiliyyəti, intensivliyə uyğunluğu və s. nəzər alınaraq ya genişləndirilir, ya da yenidən bərpa olunur. Müəyyən məsələlər standartlara uyğun təmin edilir. “Bağırov körpüsü”nü bir müddət öncə yenidən bərpa etdilər. Onun keçidini artırdılar, həm sağ, həm də soldan əlavə yol üçün şərait yaratdılar. Ona görə də ora köhnə körpü demək olmaz.
Ekspert deyib ki, “Bağırov körpüsü” standartlara uyğun olaraq yenidən bərpa olunub:
Fərhad Eyyubov
“Suötürücülük qabiliyyətinə gəldikdə isə, ola bilər aşağıda həm yeraltı, həm də yağış sularının ötürülməsi üçün xüsusi kanalizasiya sistemi uyğunlaşdırılmayıb. Yəqin ümumi kanalizasiya sisteminə birləşdirilib deyə güclü yağışlar zamanı belə hadisələr baş verir. Fikrimcə, son hadisədən sonra yenidən körpünü analiz edəcək, defektləri axtaracaqlar. Harada qüsur varsa, onu bərpa edəcəklər. Düşünürəm, yağış sularının götürülməsi üçün mütləq tədbirlər görüləcək”.
“Bağırov körpüsü” 1950-ci illərin əvvəlində tikilib. Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbiləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur.
Xatırladaq ki, 2008-ci ildə “Bağırov körpüsündə” yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin “Kolin” şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilib, bundan sonra körpünün dizaynında yeniləmə işləri aparılıb.
Zaira Akifqızı
Globalinfo.az