Gürcüstanda ötən gündən etibarən Avropa İttifaqına inteqrasiya prosesinin davam etdirilməsinə dəstək üçün mitinqlər başlayıb. Ölkə prezidenti Salome Zurabişvilinin oktyabrın 26-da baş tutacaq parlament seçkilərindən öncə keçirilən mitinqə qatılması gərginliyi artırıb.
İddialara görə, seçkiöncəsi mitinqin arxasında ABŞ dayanır. Gürcü Arzusu Partiyasının qalib gəlmə ehtimalı nəzərə alınaraq Vaşinqtonun təşəbbüsü ilə Tbilisidə vəziyyət gərginləşdirilib.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Qərb Gürcüstanda seçkilərdən öncə hazırlıqlar görürdü:
“Bu, artıq məlum idi. Lakin dəqiq olaraq nə zaman hərəkətə keçiriləcəyi bilinmirdi. Çünki Tbilisidə vəziyyət tez-tez dəyişir və bu, güc balansına təsir edir. Nəticə olaraq Qərb və Rusiya arasında Gürcüstan uğrunda mübarizə davam edir.
Qərb xüsusilə son zamanlar siyasi texnoloqlarını işə qatıb. Onlar cəmiyyət içərisində aktivləşiblər. Bu şəxslərə inanların da sayı az deyil, hazırda Gürcüstanda vəziyyətin gərgin olması da bunun göstəricisidir”.

İlyas Hüseynov
Politoloqun sözlərinə görə, aksiya iştirakçıların şüarlarında prosesin Qərbdən idarə edildiyini görmək olar:
“Belə ki, iştirakçılar nicat yolunun Qərbdə olduğunu deyir və mövcud hakimiyyəti istefaya səsləyirlər. Yəni Qərb indidən seçkinin legitimliyini şübhə altına almaq istəyir. Artıq proses başladılıb ki, onları razı salmayacağı təqdirdə nəticələr ümumiyyətlə tanınmasın. Aksiyalar seçkilərdən sonra keçirilsəydi, bu hədəfin reallaşması üçün şərait yaranmazdı. Həm də nəticələr açıqlandıqan sonra insanları etirazlara cəlb etmək asan olmayacaqdı.
Bütün bunlara baxmayaraq gürcü xalqı doğru seçimi edəcək”.
Turan Rzayev
Globalinfo.az