Gülən “əfsanəsi” bitdi, savaş başladı – FETÖ-nün yeni rəhbəri…

Gülən "əfsanəsi" bitdi, savaş başladı - FETÖ-nün yeni rəhbəri...

FETÖ terror qruplaşmasının lideri Fətullah Gülənin ölümündən sonra təşkilata rəhbərlik uğrunda mübahisələrin başladığı bildirilir.  

Məlumata görə, ABŞ və Avropada bu məsələ ilə bağlı müzakirələr aparılır. Təşkilatın fəaliyyəti üçün ayırılan milyonlarla vəsait və Güləndən qalan çox sayda mülklərin kimin nəzarətinə veriləcəyi hələlik bəlli deyil. İddialara görə, boşalan rəhbərlik postu uğrunda daxili çəkişmələr güclənib.

Həmçinin ölümündən əvvəl Gülənin Türkiyədə, anasının məzarının yanında dəfn olunmasını vəsiyyət etdiyi deyilir.

Fətullah Gülən Türkiyədə dəfn oluna bilərmi? Onun yerinə potensial namizədlər kimlərdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Fətullah Güləndən sonra geriyə qalan əmlakı geniş müzakirə mövzusudur:

“FETÖ təşkilatına məxsus olanlardan başqa Gülənin şəxsi əmlakları da var. Bu mülklərin ailə üzvləri arasında necə bölünəcəyi geniş məhkəmə predmetidir. Uzun müddətdir xəstə olan baş terrorçunun qohumları onun əmlakı üzərində mübahisə edirdilər, vəziyyət bundan sonra daha da gərginləşəcək.

Digər vacib məsələ isə Fətullah Gülənin harada dəfn olunacağıdır. Onun vəsiyyət etdiyi kimi Türkiyədə dəfn olunması indiki halda mümkün görünmür. Terror təşkilatının rəhbəri Ankara ilə düşmən münasibətində idi. AKP iqtidarının onun dəfni üçün izin verməsi real deyil. Ehtimal ki, Güləni ABŞ-da, elə yaşadığı Pensilvaniyada dəfn edəcəklər. Onun cənazə namazına Türkiyədən kiminsə qatılması da gözlənilmir. Çünki bu şəxs terrorçudur və hökumət onu axtarışa verib. Cənazəsinə qatılmaq birbaşa terrora dəstək deməkdir. Sadəcə ABŞ və Avropada yaşayan müttəfiqləri cənazə namazına qatıla bilərlər. Həm də ehtimal ki, ABŞ Türkiyə ilə münasibətləri çox da pozmamaq üçün Güləni sakit dəfn etməyə çalışacaq. Bu baxımdan böyük mərasimin keçirilməsi mümkün görünmür”.

Gülən "əfsanəsi" bitdi, savaş başladı - FETÖ-nün yeni rəhbəri...
Zeynal Əmrəliyev

Z.Əmrəliyevin sözlərinə görə, FETÖ Güləndən sonra fəaliyyətini tam dayandırmasa da, çox zəifləyəcək:

“Onsuz da 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevirilişinə cəhddən sonra bu təşkilata ciddi zərbə dəymişdi. Onun Türkiyə və digər ölkələrdəki hücrələri dağıdılmışdı. Gülənin ölümü ilə quruma əvvəlki kimi maraq olmayacaq və ehtimal ki, yaxın vaxtlarda bu təşkilat sakitcə sıradan çıxacaq. Təşkilatın yeni liderinin isə Pensilvaniyada Gülənin yanında olan köməkçilərindən birinin təyin ediləcəyi gözlənilir. Təbii ki, həmin şəxs Gülən qədər populyar olmayacaq. Bu təşkilat məhz Fətullah Gülənin adı ilə bağlı idi və onun şəxsiyyəti üzərində qurulmuşdu.

Fətullah Gülənin şəxsiyyəti isə faktiki olaraq şişirdilmişdi. Onun varisinin heç bir halda eyni populyarlığa çatması inandırıcı deyil. FETÖ-nün 15 iyul hadisələrindən sonra fəaliyyəti zəifləsə belə, bəzi ölkələrdə şəbəkələri hələ də mövcudluğunu qoruyur. Gülənin ölümü onlara da ciddi şəkildə təsir edəcək, gələcək talelərinə isə yeni rəhbər qərar verəcək. Əgər Pensilvaniyadan əvvəlki kimi maliyə dəstəyi təmin edilərsə, həmin hücrələr fəaliyyətini davam etdirə bilər. Əks halda onlarda elə təşkilatın mərkəzi kimi zəifləyib sıradan çıxacaqlar”.

Turan Rzayev
Globalinfo.az